Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Dekabr 2014 09:00

"Ordu xalqın, xalq ordunun dayağı" adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib

Dekabrın 9-da Müdafiə Nazirliyinin təşkilatçılığı ilə "Ordu xalqın, xalq ordunun dayağı" adlı hərbi-vətənpərvərlik gecəsi keçirilib.
Təntənəli mərasimdə Müdafiə Nazirliyinin rəhbərliyi, Milli Məclisin deputatları, cəbhə bölgələrindən gələn zabitlər, bütün qoşun növlərinin, birlik-birləşmə və hərbi hissələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin zabitləri, əsgərləri, kursantları, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi yad edilib, dövlət himnimiz səslənib.
Müdafiə Nazirliyinin zabiti, Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə hazırlanan tədbiri müəllif açaraq işğal olunmuş torpaqların azad edilməsi üçün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən görülən tədbirlərdən, bu sahədə Vətənin hər bir övladının rolundan danışıb.
A.Qurbani bildirib ki, ordusuna güvənən xalq yenilməz və xoşbəxt olur. O, sözünə davam edərək deyib: "Xalq və ordu birliyi hər ikisini qüdrətli edir. Şadam ki, Azərbaycanda xalqına arxalanan ordumuz, ordusuna güvənən xoşbəxt xalqımız var".
Qeyd olunub ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı, həm də müasir Azərbaycan Silahlı Qüvvələrinin baş memarıdır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də müasir mütəşəkkil ordunun yaranmasıdır. Hazırda ölkəmizdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında xalqla ordunun mənəvi birliyi təmin edilib.
Xüsusi vurğulanıb ki, ordumuzun son vaxtlardakı uğurları, Azərbaycan əsgərinin və xalqının döyüş ruhu, vətənpərvərlik ruhu, düşmən atəşlərinin qarşısının mərdliklə alınması, düşmənin təxribat xarakterli hərəkətlərinə vaxtında layiqli cavab verilməsi, Ali Baş Komandanın düşmənlə təmas xəttində hərbiçilərimizlə görüşləri, döyüşdə fərqlənən bir qrup hərbi qulluqçunun mükafatlandırılması böyük sevincə səbəb olub.
Tədbirdə ulu öndər Heydər Əliyevin Azərbaycanda ordu quruculuğu sahəsində əvəzsiz xidmətlərindən, onun Silahlı Qüvvələrimizə qayğı və dəstəyindən, eləcə də müasir Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətindən bəhs edən film nümayiş etdirilib.
Hərbi-vətənpərvərlik gecəsinin iştirakçılarını müdafiə naziri, general-polkovnik Zakir Həsənovun adından salamlayan nazir müavini, general-leytenant Kərim Vəliyev deyib ki, bu gün bir daha ordu ilə xalqın birliyi nümayiş etdirildi.
Tədbirin ideya müəllifi, Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı tədbirin keçirilməsinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Mərasimdə çıxış edən Milli Məclisinin deputatları Ziyad Səmədzadə və Hadi Rəcəbli Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlərdən danışıblar. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra ordu quruculuğu yeni vüsət aldı. İndi Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur.
Respublika Veteranlar Təşkilatının sədri, general-mayor Dadaş Rzayev çıxışında gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsinin prioritet məsələlərdən olduğunu deyib və veteranların da bu məsələdə əllərindən gələni edəcəklərini bildirib.
Tədbirdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin düşmənlə təmas xəttində hərbiçilərimizlə görüşlərini, döyüşdə fərqlənən bir qrup hərbi qulluqçunun mükafatlandırılmasını və oradakı çıxışını əks etdirən videogörüntü nümayiş olunub.
Teatrlaşdırılmış kütləvi hərbi-vətənpərvərlik gecəsində Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Cahangir Cahangirov adına xorunun, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyor, müğənni, rəqqas və bədii qiraətçilərinin ifasında vətənpərvərlik mahnıları, marşları, rəqsləri, şeirləri səsləndirilib.