Azərbaycan Respublikası Prezidentinin 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar keçirilən silsilə tədbirlər davam edir.
Müdafiə Nazirliyinin, Tərtər Rayon İcra Hakimiyyətinin, rayonun Təhsil sektorunun, Gənclər və İdman İdarəsinin və Tərtər Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə rayon ərazisində yerləşən hərbi hissələrin hərbçiləri və ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında kütləvi idman tədbirləri keçirilir.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə rayonda keçirilən idman yarışları, “dəyirmi masa” və elmi konfranslar, eləcə də digər tədbirlər haqqında məlumat verilib və idmançılara uğurlar arzulanıb.
Tərtər Olimpiya Kompleksində təşkil olunan tədbirlərdə futbol, valeybol, şahmat və tenis yarışlarına start verilib, viktorinalar keçirilib, rəsm və əl işlərindən ibarət sərgi təşkil edilib.
Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş kütləvi idman tədbirləri apelin 28-dək davam edəcək.