Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 İyul 2014 09:00

"Heydər Əliyev ideyalarına sadiqlik!"

Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Horadiz şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 45-ci ildönümü münasibətilə "Heydər Əliyev ideyalarına sadiqlik!" şüarı altında mərasim keçirilib.
Mərasimdə Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbani Ulu Öndərin 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə ölkədə yeni eranın başlandığını, respublikanın intibah dövrünə qədəm qoyduğunu qeyd etdi. Məhz bugünkü güclü və qüdrətli Silahlı Qüvvələrimizin yaranmasının təməlinin də həmin dövrdə qoyulduğunu vurğulayan polkovnik onu da bildirdi ki, 70-ci illərin əvvəllərində ulu öndər Heydər Əliyev Azərbaycanın gələcəkdə müstəqilliyə qovuşacağını öncədən görərək müstəqilliyin təminatçısı olan Silahlı Qüvvələrin zabit korpusunun yaranması qayğısına da qalmış və indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əsasını qoymuşdur. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı, həm də müasir Azərbaycan Silahlı Qüvvələrinin baş memarıdır. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də müasir mütəşəkkil ordunun yaranmasıdır.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev də 1969-cu ildən başlanan tarixi missiyanın ölkəmizin, xalqımızın və millətimizin həyatında və taleyində mühüm rol oynadığını bildirdi. O, böyük qürur hissi ilə qeyd etdi ki, Azərbaycan ordusu məhz bu bölgədə, ön səngərdə ilk dəfə olaraq Heydər Əliyevin timsalında Ali Baş Komandanını görmüş, böyük dahi şəxsiyyətdən, qətiyyətli sərkərdədən xeyir-dua alaraq torpaqların işğaldan azad olunması uğrunda müqəddəs döyüşlərə atılmışlar. Bugünkü yaşıllıqlara qərq olmuş və gündən-günə çiçəklənən Horadiz böyük xilaskarın sayəsində düşmən tapdağından azad edilmiş və xarabalıqlar üzərində müasir şəhər salınmışdır. Bütün xalqımız kimi füzulilər də Heydər Əliyev ideyalarına sadiqdirlər və hər an Ali Baş Komandanın əmrlərinə hazırdırlar.
Milli Məclis sədrinin müavini Bahar Muradova da Ulu Öndərimizin nəsillərə nümunə həyatından, Vətən qarşısında misilsiz xidmətlərindən danışmış, Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatların Heydər Əliyev ideyalarına sadiqliyin bariz nümunəsi olduğunu vurğuladı.
Sonda Silahlı Qüvvələrin mahnı və rəqs ansamblı geniş proqramla çıxış etmişdir.