Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Yanvar 2015 09:00

"Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal Rüstəm Əzizovun ailəsinə təqdim edilib

2014-cü ilin noyabr ayının 20-də düşmən atəşini susdurarkən şəhid olmuş Rüstəm İzzət oğlu Əzizovun Astara rayonunun Ağkörpü kəndində anım mərasimi keçirilib.
Şəhidin təhsil aldığı kənd orta məktəbinin qarşısına toplaşan sakinlər, müəllimlər, rayon ictimaiyyətinin nümayəndələri qarşısında əvvəlcə Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrini oxuyub və şəhidin ölümündən sonra layiq görüldüyü "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalını Rüstəm Əzizovun ailəsinə təqdim edib.
Rayonun təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, məktəbin direktoru Zahirəddin Muxtarov, müəllimlərdən Seyidhəsən Xanməmmədov, Nəbi Xaliqov çıxış edərək Azərbaycan əsgərinin qəhrəmanlığından qürur duyduqlarını və bundan sonra da ordumuz üçün vətənpərvər, mənəvi və fiziki cəhətdən sağlam nəsillər tərbiyə edəcəklərini qeyd ediblər.
Qarabağ müharibəsinin iştirakçısı Tofiq Abbasov öz çıxışında "Murovdağ döyüşlərində şəhidlik zirvəsinə ucalmaq istəsəmdə bu mənə qismət olmadı. Ancaq şagirdim Rüstəm bu müqəddəs mərtəbəyə yüksəldi. Mən və mənim kimi yüzlərcə, minlərcə Qarabağ qazisi işğal altında olan torpaqlarımızı azad etməyə, Azərbaycan Ordusu sıralarında yenidən döyüşə atılmağa hər an hazırıq" – deyib.
Şəhidin dostu Fuad Ağamaloğlu ona həsr etdiyi şeiri oxuyub, 10-cu sinif şagirdi Polad Bağırov isə bu il kənddən bir neçə nəfərin hərbi məktəbə daxil olacaqlarını, çağırışcı gənclərin isə şəhid qardaşlarının qisaslarını almaq üçün həqiqi hərbi xidmətə yollanacaqları günü səbirsizliklə gözlədiklərini deyib.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun nəvəsi Emil Aslanov anım mərasimi iştirakçılarını H.Aslanovlar ailəsi adından salamlayaraq qeyd edib ki, qəhrəmanlığa həyatda həmişə yer var. "Qəhrəmanlıq qəhrəmanla ölmür onun ömrü uzun olur. Mənim babam 70 il öncə Böyük Vətən Müharibəsində həlak olsa da onun xatirəsi həmişə əziz tutulur. Xalqımız və dövlətimiz Azərbaycanın ərazi bütövlüyünü qoruyarkən həlak olmuş oğullarımızı, eləcə də Rüstəm Əzizovu heç vaxt unutmayacaq", - deyə E.Aslanov bildirib.
Astara Rayon İcra Hakimiyyətinin məsul işcisi Mərasim Hacızadə və şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ediblər.