Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Heydər Əliyev adına Hərbi İnstituta orta ixtisas təhsili pilləsi üzrə ("Gizir hazırlığı kursu"na) qəbul olan kursantların andiçmə mərasimi keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev çıxış edərək mərasim iştirakçılarını salamlayıb, kursantlara təhsil müddətində və gələcək xidmətlərində uğurlar arzulayıb.
General-leytenant H.Piriyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təhsil sisteminin inkişafına göstərdiyi qayğıdan, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan islahatların müsbət nəticələrindən, eləcə də Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışıb.
Sonra kursantlar sıra meydanında Hərbi andı qəbul ediblər.
Yekunda şəxsi heyətin təntənəli marşla tribuna önündən keçidi olub.