Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Avqust 2019 11:12

"Beynəlxalq Ordu Oyunları - 2019" yarışlarında Azərbaycan ekspozisiyası maraqla izlənilir - VİDEO

Moskvada səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında iştirak edən ölkələrin nümayiş etdirdikləri tarix, mədəniyyət, incəsənət və milli mətbəx nümunələri ilə tanış olmaq üçün Alabino poliqonundakı “Dostluq Evi”ndə olub.
Azərbaycanın Müdafiə naziri ilə birgə Rusiya  Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu və digər qonaqlar sərginin Azərbaycan bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri və məişətinə aid ekspozisiyalara baxış keçiriblər.
Müdafiə naziri eyni zamanda “Səhra mətbəxi” müsabiqəsində iştirak edən hərbçilərimizlə də görüşüb.
Məlumat verilib ki, nümayiş etdirilən ekspozisiyalar qonaqların yaxından tanış olmaları üçün yarışların sonunadək sərgilənəcək. Azərbaycan komandası da daxil olmaqla müxtəlif ölkələrin hərbi aşpazları tərəfindən hər gün yarış iştirakçılarına və qonaqlara yüzlərlə milli mətbəx nümunələri təqdim edilir.
Ölkəmizin ekspozisiyasını maraqla izləyən çoxsaylı qonaqlar Azərbaycanın hərbi aşpazlarının hazırladıqları təamların dadına baxırlar.