Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin klubunda 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır" adlı ədəbi-bədii gecə keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Elçin Xəlilov tədbir iştirakçılarını salamlayaraq, Müdafiə Nazirliyi rəhbərliyinin təbrikini şəxsi heyətə çatdırıb.
General-mayor E.Xəlilov qeyd edib ki, xalqımızın tarixində əlamətdar və tarixi günlər çoxdur. Onlardan biri də 18 oktyabr günüdür. Otuz iki il öncə Azərbaycan Respublikası Ali Soveti dövlət müstəqiliyi haqqında konstitusiya aktını qəbul etdi. Oktyabrın 8-də isə növbədənkənar sessiya məsələni 4 gün müzakirə etsə də qərar verməyi bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında bu sənəd qəbul olundu.
Nəzərə çatdırılıb ki, 2021-ci il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə "Müstəqillik Günü haqqında" yeni qanunu təsdiqlədi. Bu qanuna əsasən mayın 28-i "Müstəqillik Günü", okytabrın 18-i isə "Müstəqilliyin Bərpası Günü" elan edildi.
General-mayor E.Xəlilov böyük qürur hissi ilə vurğulayıb ki, xalqımız və Azərbaycan Ordusunun şəxsi heyəti "Müstəqilliyin Bərpası Günü"nü böyük qələbə əhval-ruhiyyəsi ilə qeyd edir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın ərazi bütövlüyü tamamilə bərpa edilib və dövlət bayrağımız artıq Xankəndidə, Xocalıda, Ağdərədə, Əsgəran qalasında, Sərsəngdə də dalğalanmaqdadır. Müzəffər Ali Baş Komandanın Xankəndidən birbaşa xalqa müraciəti hər bir Vətən əsgərinin də döyüş ruhunu, mənəvi-psixoloji hazırlığını, vətənpərvərlik hissini daha da yüksəldib.
Layihə müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb, dahi liderin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi cənab İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətində ata vəsiyyətini uğurla yerinə yetirdiyindən böyük iftixar hissi ilə söhbət açıb.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında "Böyük Zəfər marşı" (sözləri A.Qurbaninin, musiqisi İ.Novruzovundur) tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Ədəbi-bədii gecədə Azərbaycana, Müzəffər Ali Baş Komandana, qalib Azərbaycan Ordusuna həsr olunmuş hərbi marşlar, vətənpərvərlik mahnıları, xoreoqrafik kompozisiyalar təqdim edilib.
"Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır" adlı ədəbi-bədii gecə "Müzəffər Ordumuz" vətənpərvərlik mahnısı ilə başa çatıb.