Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Noyabr 2017 18:35

Qazaxda “Ordumuz qürurumuz, xalqımız dayağımız” devizi ilə kütləvi vətənpərvərlik tədbiri keçirilib

Müdafiə Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ordumuz qürurumuz, xalqımız dayağımız” devizi altında kütləvi vətənpərvərlik tədbiri keçirilib.
Rayondakı Heydər Əliyev adına parkda təşkil olunan tədbirdə Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev, Əməkdar İncəsənət Xadimi, Prezident təqaüdçüsü, polkovnik Abdulla Qurbani, Milli Məclisin deputatları Ülviyyə Ağayeva və Xanhüseyn Kazımlı, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov və minlərlə rayon sakini iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Fəxri qazaxlılar parkına gəliblər. Sonra Şəhidlər xiyabanına baş çəkilib, memorial önünə gül dəstələri düzülüb.
Daha sonra qonaqlar tədbirin keçirildiyi Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq, dahi rəhbərə öz ehtiramlarını bildiriblər.
Vətənpərvərlik tədbiri Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
“Ordumuz qürurumuz, xalqımız dayağımız” devizi ilə reallaşan layihənin rəhbəri Abdulla Qurbani tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Bildirilib ki, müharibəyə cəlb edilmiş bir ölkədə bu gün hərbi vətənpərvərlik hisslərinin inkişaf etdirilməsinə və düzgün aşılanmasına daha çox ehtiyac var. Ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər cəmiyyətdə milli-mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişafına təkan verir.
Düşmənlə 168 kilometr məsafədə yerləşən Qazax rayonu Vətənin müdafiəsi zamanı 283 şəhid verib. Yeddi igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Rayonun 7 kəndi bu gün də erməni işğalçılarının tapdağı altındadır, 5 kəndə isə düşmən tərəfindən mütəmadi olaraq atəş açılır.
Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Azərbaycan Ordusunun yarandığı gündən erməni-daşnak qüvvələrinə qarşı mübarizələrdə fədakarlıqlar göstərdiyini diqqətə çatdırıb. Müasir Azərbaycan Ordusunun formalaşmasında Ulu Öndərin xidmətlərindən bəhs edən R.Babaşov bildirib ki, siyasi fəaliyyəti və təkrarolunmaz həyat yolu ilə yaddaşlarda əbədiyyət qazanan Heydər Əliyev bütün sahələrdə olduğu kimi, Azərbaycanın ordu quruculuğunda da yeni mərhələlərin əsasını qoyub.
Qeyd olunub ki, 2016-cı ilin aprel döyüşləri qazaxlılara da əsl qələbə sevincini yaşadıb. Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini göstərdi. Bu döyüşlər zamanı təkcə Qazax rayonu 3 şəhid verib.
Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, Silahlı Qüvvələrimizin dünyanın müasir texnika ilə təmin olunmuş orduları sırasında yer almasından söz açıb. Bildirib ki, bu gün ordumuz işğal altında olan torpaqlarımızı hər an azad etməyə qadirdir.
Rasim Əliyev müdafiə nazirinin əmri ilə təltif olunmuş bir qrup Qazax sakininə xatirə mükafatlarını təqdim edib. Mükafatlar Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudova, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsala, Əməkdar Müəllim Xatın Hüseynxanovaya, hərbi hissə komandiri Fuad Ələkbərova təqdim olunub.
Xüsusi təyinatlıların meydanda döyüş bacarıqlarını nümayiş etdirməsi alqışlarla qarşılanıb.
Vətənpərvərlik tədbiri çərçivəsində Qazaxdakı hərbi hissənin yaranmasının 25 illiyi də qeyd olunub. Bu münasibətlə xidmətdə fərqlənən bir qrup əsgər və zabitə Qazax Rayon İcra Hakimiyyətinin təsis etdiyi “Qazaxın müdafiəsində xidmətlərinə görə” medalları təqdim edilib.
Sonra “Qazax – xidmət etdiyim diyar” kitabının ilk nüsxəsi general-mayor Rasim Əliyevə verilib. Bu kitab Qazaxda hərbi xidmətdə olan əsgərlərə paylanılacaq.
Bədii hissə ilə davam edən tədbir Silahlı Qüvvələrin mahnı ansamblının ifasında səslənən “Biz gedirik Qarabağa” mahnısı ilə başa çatıb.