Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 May 2018 20:04

Qazaxda Azərbaycan Xalq Cümhuriyyətinin hərb xadimləri anılıb

Müdafiə Nazirliyi və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun təşkilində müstəsna xidmətləri olmuş görkəmli hərbi xadimlər general-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinski qardaşlarının anım mərasimi keçirilib.
Rayon rəhbərliyi, hərbi qulluqçular, ictimaiyyət nümayəndələri və qonaqlar  əvvəlcə Qazaxın Fəxri sakinlər parkı ilə tanış olub, rayonun yetirmələri olan elm, mədəniyyət, incəsənət xadimlərinin, eləcə də adları dünya hərb tarixinə qızıl hərflərlə yazılmış “artilleriyanın Allahı” general-leytenant Əliağa Şıxlinskinin, ilk azərbaycanlı general-topoqraf İbrahim ağa Vəkilovun, ilk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun və digər qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirə kompleksi ziyarət olunub, əbədi məşəl qarşısına qərənfillər düzülüb.
Nəriman Nərimanov adına istirahət parkında keçirilən anım mərasimini Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq deyib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 2018-ci ilin “Cümhuriyyət İli” adlandırılması haqqında sərəncamlarını bütün xalqımız kimi Qazax rayonunun sakinləri və bu bölgənin keşiyini çəkən Vətən müdafiəçiləri də böyük ruh yüksəkliyi ilə qarşılayıblar. Hazırda bütün təhsil ocaqlarında, hərbi kollektivlərdə, mədəniyyət müəssisələrində bu münasibət ilə silsilə tədbirlər hazırlanaraq həyata keçirilir. Bütün bunlar hamısı ölkə rəhbərliyinin tariximizə olan sonsuz sevgi və məhəbbətinin təcəssümüdür. Həqiqətən də Azərbaycan xalqının tarix boyu nümayiş etdirdiyi qəhrəmanlıq, cəsurluq ənənələri müstəqilliyini yenidən bərpa etmiş respublikamızda daha da canlanır. 2016-cı ilin aprelində Ali Baş Komandanımızın rəhbərliyi altında qazandığımız qələbə əcdadlarımızın qəhrəmanlıq ənənələrinin davamıdır”.
İcra başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin həmişə tariximizə, xüsusilə hərb tariximizə böyük önəm verdiyini qeyd edərək Ulu Öndərin bu kəlamlarını tədbir iştirakçılarına xatırladır: “Azərbaycan Respublikasının öz torpaqlarını müdafiə etmək üçün böyük potensialı var. Ən böyük potensial bizim insanların Vətənə, torpağa bağlılığı, Vətəni, torpağı sevməsi və onu qorumaq hissidir. Bu, xalqımızın tarixi ənənələrindən irəli gələn hissidir. Güman edirəm ki, xalqımız tarixi ənənələrimizi, keçmişimizi yada salaraq Azərbaycanın bu ağır vəziyyətdən çıxması üçün bundan sonra səmərəli tədbirlər görəcəkdir”.
Artıq dahi rəhbərimizin arzuları, gümanları uğurla həyata keçir, xalqımız öz gələcəyini tarixdən ibrət götürərək, milli-mənəvi dəyərlərimizə söykənərək qurur və daha işıqlı, daha nurlu sabahlara doğru inamla irəliləyir.
Layihənin müəllifi, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani hərbçi Şıxlinski qardaşları haqqında ətraflı məlumat verib. Onların general-leytenant Əliağa Şıxlinskinin qardaşı oğulları, Hüseyn Əfəndi Qayıbovun isə nəvələri olduqlarını nəzərə çatdırıb.
Vurğulanıb ki, hər iki qardaş Qazaxlı kəndində, Məmməd ağa Şıxlinskinin ailəsində dünyaya gəlib, Tiflisdə zadəganlar üçün Kadet korpusunda, sonra isə Peterburqda Mixaylov Topçuluq Məktəbində oxuyublar. Bu qardaşlar bir müddət çar ordusunda xidmət etmiş, Birinci Dünya müharibəsi illərində Tatar alayının tərkibində vuruşmuş, dövrün ən yüksək döyüş ordenlərinə layiq görülmüşlər.
Şıxlinski qardaşlarının 1918-ci ildə yenicə yaradılan Milli Ordunun təşkilində müstəsna xidmətləri olub. Cavad bəy Azərbaycan Ordusunda “general-mayor” ali hərbi rütbəsinə, Rüstəm bəy isə “polkovnik” rütbəsinə yüksəliblər. Onlar Bakının daşnaklardan təmizlənməsində, işğalçılardan azad edilməsində, Qarabağda, Zəngəzurda əsl qəhrəmanlıq nümunələri göstəriblər.
Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra Şıxlinski qardaşları yenə də silahlarını yerə qoymamış və Vətən uğrunda cihada qalxmışlar.
1920-ci ilin may ayının sonlarında baş vermiş Gəncə üsyanının təşkilatlanmasında, bolşeviklərə qarşı müqavimət göstərilməsində Şıxlinski qardaşlarının xidmətləri əvəzedilməzdir.
Gəncə üsyanı məğlubiyyətlə başa çatsa da, bu, tariximizdə bolşevizmə, istibdada, köləliyə, müstəmləkəyə qarşı ən böyük azadlıq mücadiləsi, etiraz duruşudur. Bu üsyan zamanı neçə-neçə görkəmli hərbi xadimlərlə birlikdə Rüstəm bəy də Nargin adasına aparılaraq güllələnmiş, qardaşı Cavad bəy isə yaralı vəziyyətdə döyüş meydanından çıxarılaraq əvvəl Qazaxa, oradan isə Qarayazı meşəsi ilə Gürcüstana keçirilmiş, sonra isə Türkiyə və İrana aparılmışdır. Sonrakı həyatı mühacirətdə keçən Cavad bəy İranda da peşəkar hərbçi kimi xidmətini davam etdirmiş, hətta Ərdəbilin hərbi komandanı təyin olunmuş, bir müddət İran şahının hərbi müşaviri kimi fəaliyyət göstərmişdir. 1959-cu ildə Tehranda vəfat edən Cavad bəyin təyyarəçi və mühəndis olan iki oğlunun, həkim qızının və nəvə-nəticələrinin axtarışı tərəfimizdən davam etdirilir.
Bakı Dövlət Universitetinin Qazax filialının müəllimi, pedaqoji elmlər namizədi, dosent Arif Veysov Azərbaycan Prezidentinin müvafiq sərəncamlarının siyasi və tarixi əhəmiyyətindən danışıb və bu sərəncamların icrası ilə əlaqədar keçirilən tədbirlərin gənclərin hərbi vətənpərvərlik, ata-babalarının qəhrəmanlıq ənənələri ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Rüstəm bəyin nəvələri Rüstəm və Fuad Şıxlinskilər dayıları haqqında analarından eşitdikləri xatirələri yada salıb və bu tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Müdafiə Nazirliyinin və Qazax rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlıq ediblər.
Tədbirin sonunda Cavad bəy və Rüstəm bəy Şıxlinski qardaşlarının vaxtilə yaşadıqları evə baxış olub və Azərbaycan Ordusunun 100 illik yubileyi ərəfəsində həmin evə xatirə lövhəsinin vurulması qərara alınıb.