Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyul 2015 09:00

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Dövlətimizin başçısı iclası giriş nitqi ilə açaraq əsasən, Yaxın Şərq və Avropa ölkələrində olan böhranlı vəziyyətdən danışıb. Prezidenti İlham Əliyev ənənəvi olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə toxunub və Avropa Birliyinin bu məsələyə biganə münasibətini tənqid edib.
- Bu gün biz ənənəvi olaraq ilin altı ayının yekunlarını müzakirə edəcəyik. Bəri başdan demək istəyirəm ki, yekunlar çox müsbətdir. Azərbaycan uğurla inkişaf edir. İnkişaf dinamik xarakter daşıyır və deyə bilərəm ki, altı ay ərzində əldə etdiyimiz uğurlar tarixi uğurlardır. Ona görə ki, bu gün biz dünyanın müxtəlif yerlərində çox xoşagəlməz prosesləri müşahidə edirik. Yaxın Şərqdə vəziyyət həddindən artıq çox gərginləşib. Qanlı toqquşmalar dayanmır, qan tökülür və yeni müharibə ocaqları yaranır. Avropa dərin iqtisadi böhran içindədir və bu böhrandan hələ ki, çıxış yollarını tapa bilməyib. Eyni zamanda, biz mənəvi böhranın təzahürlərini də görürük və bu, bizi çox narahat edir.
Azərbaycan artıq uzun illərdir çalışır ki, bölgədə multikulturalizm dəyərləri üstünlük təşkil etsin. Bölgədə sülh, əmin-amanlıq, mehriban qonşuluq meyilləri güclənsin və bildiyiniz kimi, Azərbaycan tərəfindən bu istiqamətdə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə çox önəmli addımlar atılır. Ancaq bununla bərabər, biz bəzi Avropa ölkələrində tam başqa mənzərəni görürük və bu, bizi narahat edir.
Mənəvi böhran, iqtisadi böhran bu gün artıq Avropada reallıqdır və əlbəttə ki, bu, bizi düşünməyə vadar edir və bu amilləri gələcək fəaliyyətimizdə mütləq nəzərə alacağıq. Azərbaycan Avropa qurumlarına nə dərəcədə inteqrasiya etməlidir? İnteqrasiya etməlidir, yoxsa etməməlidir? Yoxsa biz əməkdaşlıq formatına üstünlük verməliyik? Bu barədə mən şəxsən artıq neçə vaxtdır düşünürəm və hesab edirəm ki, gələcək aylarda yeni əməkdaşlıq mexanizmi, formatı və konsepsiyası hazırlanmalıdır.
Əslində, bu barədə biz artıq önəmli addımlar atmışıq. Bildiyiniz kimi, Azərbaycan Avropa İttifaqı ilə Assosiasiya Sazişinə qoşulmamışdır. Ona görə ki, bu saziş bizim maraqlarımıza uyğun gəlmir. Orada sadəcə olaraq bir mexanizm təklif olunurdu ki, bu, ikitərəfli əməkdaşlıqdan çox birtərəfli əməkdaşlığa bənzəyirdi və elə bil ki, o saziş bir göstəriş vərəqəsi idi. Bizə isə bu, əlbəttə ki, yaramır. Çünki Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk.
Digər məqamlar var idi ki, bizi qane etmirdi. Ona görə biz Avropa İttifaqına əməkdaşlıq təkliflərini irəli sürmüşük. Bu, tərəfdaşlıq müqaviləsi, strateji tərəfdaşlıq müqaviləsi ola bilər. Sadəcə olaraq, əməkdaşlıq, yaxud da ki, tərəfdaşlıq müqaviləsi ola bilər. Ancaq bu, bərabərhüquqludur və Azərbaycanın milli maraqları o sazişdə maksimum dərəcədə təmin olunmalıdır və dəyərlərimiz də, əlbəttə ki, bizim üçün ən önəmli yerdədir.
Hesab edirəm ki, bu gün müasir dünyada mənəvi dəyərlər haqqında daha çox danışmaq lazımdır. Çünki həm Yaxın Şərqdə, həm Avropada, MDB məkanında yaşanan böhranlı vəziyyət, o cümlədən mənəvi dəyərlər üzərində yaranıb. Münaqişələr bir çox hallarda bu səbəbdən qaynaqlanır. Ona görə biz Azərbaycanda, əlbəttə ki, bütün məsələləri dərindən təhlil edərək, ölkəmiz üçün, xalqımız üçün ən məqbul, ən yaxşı variantı seçirik və seçəcəyik.
MDB məkanında vəziyyət gördüyünüz kimi, o qədər də ürəkaçan deyil. Bir çox ölkələr böhranla bacara bilmirlər. Ukraynada böhran davam edir. Ermənistan demək olar ki, çöküb, iqtisadiyyatı çöküb. Ermənistanın kriminal diktatura rejimi artıq öz xalqını o qədər əzib ki, xalq buna dözə bilmir. Onu da qeyd etməliyəm ki, Ermənistan xuntası xalq hesabına varlanır. Bəlkə bir çoxları bunu bilmir. Ancaq Ermənistan dünya miqyasında bəlkə də xaricdən ən aşağı qiymətə qaz alan ölkədir. Ancaq öz əhalisinə bunu üç dəfə baha satır. Elektrik enerjisi də, yanacaq da həmçinin. Yəni, bu kriminal rejim xalqın qanını sorur. Əlbəttə ki, xalq buna dözə bilmir.
Biz oraya üzv olmuşuq ki, ilk növbədə Qarabağ problemi həll edilsin. Məsələ bunda idi. Biz bilirdik ki, Ermənistan Avropa Şurasına üzv olmağa can atır. Biz istəyirdik ki, biz də orada olaq və bu məsələ ədalətli şəkildə həll edilsin. Ancaq biz nəyi görürük: ədalətsizlik, ikili standartlar, islamafobiya, paxıllıq, bədniyyət. Bax, bu yaxınlarda Avropa Oyunları zamanı qətnamə qəbul edirlər. Qətnamənin məruzəçilər tərəfindən təklif edilmiş mətnində yazılmışdır ki, assambleya nəzərə alır ki, Azərbaycan torpaqları işğal altındadır. Götürüb o cümləni dəyişirlər, yazırlar ki, assambleya nəzərə alır ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Yəni, bu, nə deməkdir?! Bu, açıq-aydın anti-Azərbaycan mövqeyidir. Ona görə yenə də bu mövzuya qayıdıram. Biz heç yerə inteqrasiya olmuruq. Hara olmuşuq, kifayətdir. Lazım olarsa, yenə də başqa birliklərə də üzv olarıq, ancaq bərabərhüquqlu tərəfdaş kimi, ləyaqətli ölkə kimi.
Ötən yarımilliyin sosial-iqtisadi göstəricilərinin nikbin fikirləşməyə əsas verdiyini bildirən ölkə başçısı qeyd edib ki, hətta böhranlı illərdə Azərbaycan sürətlə inkişaf edə bilər. “Çünki bizim düşünülmüş siyasətimiz var. Bizim proqramlarımız reallıq üzərində qurulubdur. Hər bir məsələ, hər bir sahə ilə bağlı çox konkret fəaliyyət planı var. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev yenə də ordu quruculuğu məsələlərinə toxunub və bildirib ki, ordu quruculuğu bizim üçün daim prioritetdir və Xəzər sahilində ən böyük hərbi obyektlərdən biri bu il Azərbaycanda istifadəyə verilibdir. Hərbi dəniz qüvvələri bazası yaradılmışdır. Bütün digər lazımi tədbirlər görülür, hərbi şəhərciklər, bazalar tikilir, təmir olunur, əsgərlər, zabitlər üçün gözəl şərait yaradılır. Təbii ki, silah-sursat, maddi-texniki təminat daim diqqət mərkəzindədir. Ən müasir silah, texnika alınır və bu gün Azərbaycan Ordusu, dediyim kimi, dünya miqyasında güclü ordular sırasındadır.
Bugünkü beynəlxalq vəziyyət bir daha onu göstərir ki, biz vaxtilə nə qədər düzgün addımlar atmışıq. Çünki biz görürük ki, beynəlxalq hüquq normaları işləmir. Kimin gücü varsa, o da haqlıdır və bu, reallıqdır. Bu, xoşagəlməyən reallıqdır, ancaq biz real dünyada yaşayırıq, biz virtual dünyada yaşamırıq. Ona görə hərbi güc gələcəkdə hər bir ölkənin maraqlarını ilk növbədə təmin edən amil olacaqdır. Çünki beynəlxalq hüquq normaları sadəcə olaraq belə çıxır ki, o qədər də böyük olmayan ölkələr üçün yazılıb. Beynəlxalq davranış qaydaları dəyişilir, kim necə istəyir beynəlxalq hüquq normalarını elə də yozur və nəticə etibarilə biz görürük ki, güc amili bir çox məsələləri həll edir. Biz də buna hazır olmalıyıq və hazırıq. Ona görə gələcəkdə də ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi bir nömrəli vəzifə olacaqdır. Nəzərə alsaq ki, biz müharibə şəraitində yaşayırıq, əlbəttə, bu, daha da ciddi diqqətə malik olmalıdır”.
Prezident çıxışında təəssüflə vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində heç bir irəliləyiş yoxdur. “Ermənistan sadəcə olaraq danışıqlar prosesini boykot edir və çalışır ki, bu məsələni maksimum dərəcədə uzatsın. Ancaq məsələ uzandıqca Ermənistan daha da çox tənəzzülə uğrayır. Qeyd etdiyim kimi, ölkə dərin siyasi, mənəvi, psixoloji və maliyyə böhranı içindədir. Ölkənin inkişafı üçün heç bir resurs yoxdur. İqtisadiyyat çöküb, sənaye ölüb, insanlar ölkəni tərk edir, yəni, insan resursları da yoxdur. Belə getsə, gələcəkdə Ermənistan kimi ölkə bəlkə də dünya xəritəsində heç olmayacaq da. Əgər belə olarsa, bunun günahkarı ancaq bugünkü kriminal diktatura rejimidir.
Biz isə güclənirik, öz tədbirlərimizi görürük, iqtisadi, siyasi, hərbi güc toplayırıq. Əlbəttə ki, Ermənistan və Azərbaycan müqayisəedilməz səviyyədədir. Sadəcə olaraq, xarici maliyyə, hərbi və siyasi dəstək hesabına Ermənistan hələ ki, bizim torpaqlarımızı işğal altında saxlayır. Mən bu auditoriyada bir dəfə demişəm ki, bizim torpaqlarımızı işğal edən təkcə Ermənistan deyil. Bizim torpaqlarımızı işğal edən Ermənistanın havadarları, ermənipərəst, islamofob siyasətçilər, anti-Azərbaycan qüvvələrdir. Ermənistan bizim torpaqlarımızı işğal edə bilərmi? Bir həftə ərzində orada daş daş üstündə qalmaz. Bu da reallıqdır və yenə də deyirəm, biz real dünyada yaşayırıq, öz tədbirlərimizi görürük və gün gələcək Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Hələ ki, biz bu istiqamətdə bütün hazırlıq işlərini görürük”.
Dövlətin siyasi kursunun Azərbaycan xalqının milli maraqları üzərində qurulduğunu bəyan edən Prezident çıxışı zamanı Bakıda uğurla başa çatmış Birinci Avropa Oyunlarına toxunaraq deyib: “Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı bizə qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoymuşdu. Ancaq bu informasiya müharibəsində Azərbaycan xalqı və dövləti qalib gəlib. Çünki bu kampaniya və bu kampaniyanın son mərhələsi bir daha göstərib ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Ancaq görün və Azərbaycan xalqı bir daha görsün ki, nə qədər bunlar şərəfsiz hərəkətlər edirlər. Avropa Oyunlarının açılışına iki gün qalmış Avropa Parlamenti anti-Azərbaycan qətnaməsini müzakirəyə çıxarıb və çalışıb ki, bu qətnamə qəbul edilsin. Baxmayaraq ki, Avropa Parlamentinin sədri Şults, onun müavini Lunaçek və onların əlaltıları qatı anti-Azərbaycan mövqeyindədirlər və Azərbaycanı düşmən seçiblər, ancaq bu qətnamə keçmədi, 136 deputat lehinə, 136 deputat əleyhinə səs verdi. Əslində bu, Şultsun, Lunaçekin və onlar kimilərinin siyasi iflası idi. Əgər bunlarda bir balaca vicdan varsa, ondan sonra istefa verməli idilər. Gördülər ki, bu, keçmir, bəs nə etməli? Almaniya Bundestaqı Oyunların açılışı günündə - iyunun 12-də yığışır, qətnamə qəbul edir. Bu qətnamənin mövzusu anti-Azərbaycan və yalan üzərində qurulubdur. Sual olunur, Almaniya Bundestaqının bizimlə nə işi var və Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı? Dünyaya hakimdirmi? Hamı onlara tabe olmalıdırmı? Görünür ki, onlar pis öyrəşiblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir. Bizim onlardan heç bir istəyimiz yoxdur, əksinə, bizim təbii qazımız, kontraktlarımız, neftimiz, bu ərazidə, bu coğrafiyada fəaliyyətimiz onlara lazımdır. Biz isə onlardan texnologiya alırıq. Onlardan almasaq, başqa yerdən alarıq. Onlardan heç bir asılılığımız yoxdur. Ona görə Almaniya Bundestaqı kimdir ki, anti-Azərbaycan qətnamə qəbul etsin?! Azərbaycan uğurla inkişaf edir, dünyada müsəlman ölkəsi - Azərbaycan bu gün Avropa Oyunlarını hansı səviyyədə keçirir. Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində keçirilib. Onlardan fərqli olaraq buraya gələn qonaqlar, Avropanın dəyərli nümayəndələri, adi insanlar, idmançılar Azərbaycana heyran qaldılar, valeh oldular, sevdilər, getmək istəmirdilər. Mənə deyirlər ki, bəzi idmançılar yarışları başa çatandan sonra getmək istəmirdilər, axıra qədər qalmaq istəyirdilər.
Bir sözlə, bax, budur bugünkü vəziyyət. Bununla bərabər Avropa ölkələri ilə ikitərəfli formatda bizim problemlərimiz yoxdur. Bir çox hallarda Avropanın aparıcı ölkələrinin liderləri ilə görüşlər əsnasında mən, əlbəttə ki, bütün bu iradları deyirəm. Deyirlər ki, fikir verməyin, onlar o fikrə layiq deyillər. Biz fikir vermirik. Əgər fikir versəydik, onların dediklərini edərdik. Burada heç kim onların dediklərinin birini də etməyəcək. O qətnamələr bizim üçün kağız parçasıdır. Ona görə heç kim onları heç vaxt icra etməyəcək. Bunu bilsinlər, Azərbaycan xalqı bilsin və o çirkin yazıları tərtib edənlər də bilsinlər. Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar. Biz buna hazırıq və gələcəkdə, bax, bu istiqamətdə gedəcəyik”.