İyunun 5-də Beynəlxalq Muğam Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşəbbüsü, Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Ordu xalqın, xalq ordunun dayağıdır” mövzusunda konfrans keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra ordu-xalq birliyini nümayiş etdirən videoçarx göstərilib.
Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini Adil Əliyev, Yeni Azərbaycan Partiyasının sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov 44 günlük Vətən müharibəsində bütün dünyanın Azərbaycanda xalq və ordu arasındakı güclü birliyə və inama şahid olduğunu deyib.
Ölkəmizdə Ulu Öndərin hakimiyyəti illərindən başlayaraq ordu quruculuğu sahəsində, hərbi qulluqçuların peşəkarlığının artırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində görülən işlərdən bəhs edən çıxışçılar bunun məntiqi nəticəsinin 2020-ci ildə 44 gün ərzində ərazi bütövlüyümüzün, ötən il isə suverenliyimizin bərpası olduğunu deyiblər.
Birinci Qarabağ müharibəsində çətin şəraitdə, silah çatışmazlığının olduğu dövrdə son damla qanınadək vuruşan qəhrəmanlardan danışan çıxışçılar gənclərin onların şücaətindən örnək götürdüyünü qeyd ediblər. Bildirilib ki, Birinci Qarabağ müharibəsi dövründə neçə-neçə cəsur döyüşçüləri şəhid olan Azərbaycan yenidən itki verməmək üçün münaqişənin sülh yolu ilə həllinə çalışdı. Lakin dünya ölkələri, eləcə də qarşı tərəf Azərbaycanın səbirli və humanist yanaşmasına başqa don geyindirdi, Ermənistan ordusunun məğlubedilməzliyi yalanlarını uydurdular. 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun gücünü görən Ermənistan bundan dərs götürməyərək təxribatlara davam etdi. Onların 2020-ci il sentyabrın 27-də başladıqları təxribatlara cavab olaraq hücuma keçən Azərbaycan Ordusu 44 günə üçrəngli bayrağımızı Şuşada ucaltdı. Məhz 2020-ci il sentyabrın 27-də dünya böyük izdihama şahid oldu, Ali Baş Komandanın irəli əmrindən sonra minlərlə gənc cəbhəyə axışdı. Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha nümayiş etdirdi. 44 gün ərzində düşmənin məkrli addımları, mülki vətəndaşları hədəfə alması xalqımızın gözünü qorxutmadı. Əksinə intiqam hissi daha da alovlanan ordumuz qarşısına çıxan bütün maneələri yararaq dünya hərb tarixinə iz salacaq taktika ilə Şuşanı fəth etdi. Həmin 44 gün ərzində xalq orduya arxalandı, ordu da xalqdan güc aldı. Xalqımız övladlarını şəhid verməsinə rəğmən Ali Baş Komandanın arxasında olduğunu bəyan etdi. 2020-ci və 2023-cü illərdə həyata keçirilən hərbi əməliyyatların son nəticəsi olaraq Azərbaycan xalqı təhlükəsiz, demokratik ölkə ərazisində yaşamaq hüququnu əldə etdi. Bu yolda canından keçən şəhidlərimizi, əzalarını itirən qazilərimizi anmaq onları gələcək nəsillərə ötürmək vəzifə borcumuzdur.
Tədbir sual-cavab hissəsi ilə davam edib, həmçinin fərqlənən kursantlar təltif olunublar.
Konfransa bədii hissə ilə yekun vurulub.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərlik mövzusunda mahnı ifa ediblər.