Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Mart 2016 09:00

Novruz bayramı münasibətilə Silahlı Qüvvələrdə silsilə tədbirlər keçirilir

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Novruz bayramı ilə əlaqədar Silahlı Qüvvələrdə keçiriləcək tədbirlər planını təsdiq edib.
Plana əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, mərkəzi və qarnizon zabitlər evlərində, klub və kitabxanalarda silsilə bayram tədbirləri keçiriləcəkdir.
Bayram günlərində "Heydər Əliyev və Azərbaycan xalqının milli-mənəvi dəyərləri" mövzusunda mühazirələrin, tarixçilərin, folklorşünas alimlərin, veteranların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə "dəyirmi masa"ların, bir sıra mədəni-kütləvi tədbirlərin təşkili, eləcə də "Əsgər baharı-2016" festivalının keçirilməsi nəzərdə tutulub.
Eyni zamanda, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət və qeyri-hökumət təşkilatları ilə birgə hərbi hissələrdə, hərbi tibb və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlərin keçirilməsi, şəxsi heyətə sovqatların çatdırılması planlaşdırılıb.
Bayram ərəfəsində hərbi hissələrin yaxınlığındakı Şəhidlər xiyabanları, qardaşlıq qəbiristanlıqları, şəhid məzarları və abidələri olan ərazilərdə abadlaşdırma işlərinin aparılması, eləcə də milli idman növləri üzrə yarışların, sərgilərin, əsgər yaradıcılığı müsabiqələrinin təşkili də planda öz əksini tapıb.