Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 İyun 2016 09:00

Naxçıvanda zabit ailələrinə yeni xidməti mənzillər təqdim olunub

Güclü iqtisadiyyata malik olan ölkəmizdə müasir və qüdrətli milli ordu formalaşıb. Bunun nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu tədbirləri uğurla davam etdirilir. Muxtar respublikada ordu, birləşmə və hissələrin döyüş qabiliyyəti və maddi-texniki bazası gücləndirilməklə yanaşı, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır. Hər il yeni xidməti yaşayış binaları tikilir, zabit-gizir ailələri mənzillərlə təmin olunurlar.
İyunun 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Naxçıvan şəhərində 9 zabit ailəsinə yeni xidməti mənzillər təqdim olunub, hərbi şəhərcikdə yeni park istifadəyə verilib.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə raport verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü və yeni mənzillərlə təmin olunmaları münasibətilə zabit ailələrini təbrik edərək deyib: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 24 iyun tarixli Sərəncamlarına əsasən Əlahiddə Ümumqoşun Ordunun 1 hərbi qulluqçusuna ali hərbi rütbə verilmiş, 6 hərbi qulluqçu medallarla təltif olunmuşdur. Silahlı Qüvvələr Günü ərəfəsində muxtar respublikada da bir sıra tədbirlər keçirilmiş, Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi olmuşdur. Bu gün isə 9 zabit ailəsinə yeni xidməti yaşayış mənzilləri təqdim olunur, hərbi şəhərcikdə yeni istirahət parkı istifadəyə verilir.
Ali Məclisin Sədri deyib: Ölkəmizdə ordu quruculuğu sahəsində müxtəlif tədbirlər həyata keçirilir. Bu gün Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndirilir, ən müasir silahlarla təmin olunur, hərbi təlimlər keçirilir, şəxsi heyətin döyüş qabiliyyəti artırılır. Digər tərəfdən isə zabit-gizir ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, onların istirahəti təmin edilir. Bütün bunların nəticəsidir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü və qüdrətli ordusuna çevrilmişdir.
Ali Məclisin Sədri deyib: Qüsursuz xidmət edən hərbi qulluqçulara yeni mənzillərin verilməsi, zabit ailələrinin xidməti yaşayış mənzilləri ilə təmin olunması hərbi xidmətin daha rahat təşkilinə şərait yaradır. Çünki zabit ailələrinin rahat yaşayışı, problemlərinin həlli imkan verir ki, onlar xidmətini də nümunəvi təşkil etsinlər. Muxtar respublikada yerləşən ordu, birləşmə və hissələrdə xidmət edən hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. İstər Naxçıvan şəhərində, istərsə də ən ucqar sərhəd bölgəsində xidmət edən zabitlər, əsgərlər lazımi sosial-məişət şəraiti ilə təmin olunurlar.
Ali Məclisin Sədri qeyd edib ki, muxtar respublikamız blokada şəraitində yaşayır, Naxçıvan işğalçı ölkə ilə sərhəddə yerləşir. Ona görə də ordu quruculuğu sahəsində kompleks tədbirlər görülür, xalq-ordu birliyi möhkəmləndirilir, əlamətdar günlərdə ordumuzla həmrəylik nümayiş etdirilir. Bütün bunların nəticəsidir ki, insanlar ordumuza güvənərək düşmənlə sərhəd yaşayış məntəqələrində rahat yaşayır, təsərrüfatla məşğul olurlar. Ona görə də muxtar respublikada hərbi xidmət bundan sonra da nümunəvi təşkil olunmalıdır. Zabitlər öz xidmətləri ilə seçildikləri kimi, onların ailələri də təqdim olunan xidməti mənzilləri, eləcə də tikilənləri, qurulanları qoruyub saxlamalıdırlar.
Ali Məclisin Sədri general-mayor ali hərbi rütbəsini Əlahiddə Ümumqoşun Ordunun zabiti Elxan Əlibəyova təqdim edib, təltif olunan zabitləri və mənzillə təmin olunan ailələri bir daha təbrik edib.
Zabit ailələri adından Şahilə Orucova və Nigar İslamova minnətdarlıq edərək deyiblər ki, ölkəmizdəki inkişaf və tərəqqi hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsinə də səbəb olub. Bu gün zabit ailələrinin mənzillə təmin olunması bunu bir daha təsdiq edir. Muxtar respublikada bu işlər artıq ənənə halını alıb. Hər il yeni yaşayış binaları tikilərək istifadəyə verilir. Hazırda muxtar respublikamızda zabit ailələrinin rahat yaşaması üçün bütün tədbirlər görülür. Ümummilli liderimiz Heydər Əliyev zabit peşəsini ən şərəfli peşə kimi qiymətləndirirdi. Bu gün onun yolu ölkəmizdə, eləcə də muxtar respublikada uğurla davam etdirilir. Zabitlərin xidmətlərinin nümunəvi təşkili və rahat yaşaması üçün ardıcıl tədbirlər görülür. Hər bir zabit ailəsi dövlətin qayğısını üzərində hiss edir.
Ali Məclisin Sədri mənzillərin açarlarını zabit ailələrinə təqdim edib, onlara firavan həyat arzulayıb.
İki və üçotaqlı mənzillərdə bütün kommunal məişət şəraiti yaradılıb, mebel dəstləri qoyulub. Mənzillə təmin olunan zabit ailələrinə xalça hədiyyə olunub.
Sonra Ali Məclisin Sədri istirahət parkında yaradılan şəraitlə tanış olub. Muxtar respublikamızda hərbi qulluqçuların məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların istirahətlərinin mənalı təşkili də diqqət mərkəzində saxlanılır, yeni sosial təyinatlı obyektlər tikilərək istifadəyə verilir. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan şəhərində yeni istirahət parkı salınıb. 1 hektar sahəni əhatə edən parkda 80 növdən artıq gül kolu və dekorativ ağaclar əkilib, fontan düzəldilib, müasir işıqlandırma sistemləri qurulub. Parkın ərazisində oturacaqlar və şahmat stolları qoyulub, konsert və mədəni-kütləvi tədbirlərin təşkili üçün səhnə yaradılıb.
Tikinti işləri aparılarkən hərbi şəhərcikdəki 6 xidməti yaşayış binası da yenidən qurulub, binaların kommunikasiya xətləri, qapı, pəncərə və dam örtükləri yenilənib.
Ali Məclisin Sədri hərbi şəhərcikdə tikinti-quruculuq işlərinin davam etdirilməsi, ərazidə zabit ailələrinin istirahəti üçün bundan sonra da lazımi şəraitin yaradılması barədə tapşırıqlar verib.