Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 May 2023 19:59

Naxçıvanda “Müzəffər sərkərdənin igid əsgərləri” adlı silsilə tədbirlər keçirilir

Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən uğrunda canlarından keçən şəhidlərimizin tanıdılması və onların keçdiyi şərəfli döyüş yolunu gənclərə aşılamaq məqsədilə “Müzəffər sərkərdənin igid əsgərləri” adlı silsilə tədbirlər keçirilir. Növbəti belə tədbir Naxçıvan Qarnizonu tam orta məktəbində təhsil almış şəhid baş leytenant Orxan Quliyev və gizir Bağır Ələkbərova həsr edilib.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə şəhidlərimizin ailə üzvləri, qazilər, Naxçıvan Qarnizonu tam orta məktəbinin pedaqoji və şagird kollektivi, Heydər Əliyev adına Hərbi Liseyin kursantları, hərbi qulluqçular və ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.
Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Natiq Əhmədov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov, şəhid valideynləri, qazilər və digər çıxış edənlər ordumuzun qüdrətindən, şəhidlərimizin döyüş zamanı qəhrəmanlıqlarından danışıblar.
Bildirilib ki, kəşfiyyatçı zabitimiz baş leytenant Orxan Quliyev 13 mart 2015-ci ildə Lələ-təpə istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlı bölmələrində xidmət edən gizir Bağır Ələkbərov 2018-ci ildə Günnüt əməliyyatında iştirak edib. Vətən Müharibəsinin də iştirakçısı olan gizir Bağır Ələkbərov 2020-ci il oktyabrın 15-də Hadrut istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Hər iki qəhrəman Vətən oğlu bir çox orden və medallara layiq görülüblər.
Qeyd olunub ki, Vətənin müdafiəsi uğrunda canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımızı kiçik yaşlı uşaqlarımız, məktəblilərimiz və eləcə də hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Belə tədbirlər xalqımızın qəhrəman oğullarını uşaqlara və gənc nəslə tanıtmaq, onların mübarizə yolunu təlqin etmək, şəhidlik irsini təbliğ etmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri tərəfindən Vətənə, ordumuza, şəhidlərimzə həsr olunmuş şeirlər bədii qiraət edilib, mahnılar səsləndirilib və ordumuzun qüdrətindən bəhs edən videoçarxlar nümayiş olunub.