Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Noyabr 2021 19:25

Naxçıvanda gənc əsgərlər hərbi andı qəbul ediblər - VİDEO

Zəfər Günü ərəfəsində Naxçıvan Qarnizonu Qoşunlarında andiçmə mərasimləri keçirilib. Əlahiddə Ümumqoşun Orduda, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında keçirilən mərasimlərdə gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.
Gənc əsgərlər Azərbaycan Respublikasının mənafeyini, ərazi bütövlüyünü və müstəqilliyini canları bahasına qoruyacaqlarına and içiblər.
Tədbirdə 8 Noyabr Zəfər Günündən və hərbi andın mahiyyətindən danışan polkovnik Mübariz Rzayev şəxsi heyətə xidmətlərində uğurlar arzulayıb.
Gənc əsgər Tayfun Qədimli 44 günlük Vətən Müharibəsi ilə xalqımıza qələbə sevinci yaşadan hərbi qulluqçularımızın davamçıları olaraq Vətənimizin müdafiəsində cəsarətlə dayanacaqlarına və ayıq-sayıq döyüş növbətçiliyi aparacaqlarına söz verib.
Valideynlər adından çıxış edən Elsevər Dünyamalıyev övladının hərbi andı qəbul edərək tam hüquqlu əsgər olmasının sevinci və qüruru ilə gənc əsgərləri təbrik edib.
General-mayor Rəhim Cəfərov Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıraraq bildirdi ki, ümummilli lider Heydər Əliyevin hərbi-elmi əsaslarla formalaşdırdığı Milli Ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsi nəticəsində işğal altındakı torpaqlarımızı düşməndən azad edən Müzəffər Ordumuz dövlət-xalq-ordu birliyindən güc alaraq tarix yazdı. İnanırıq ki, Zəfər Günü ərəfəsində hərbi andı qəbul edən gənclərimiz də Vətən Müharibəsində şücaətləri ilə seçilən hərbi qulluqçularımız kimi vicdanla və şərəflə xidmət edərək döyüş növbətçiliyinin uğurlu təşkilində fəal iştirak edəcəklər.
Təbrik oxunduqdan sonra şəxsi heyətin təntənəli keçidi olub.
Uzun illərdir davam edən ənənəyə əsasən Naxçıvan Qarnizonu Qoşunlarında hərbi andı qəbul edən əsgərlərə qısamüddətli məzuniyyət verilir və Naxçıvan Muxtar Respublikasından həqiqi hərbi xidmətə çağırılan əsgərlərimizdən hər hansı biri də evlərinə gedən zaman Azərbaycanımızın digər bölgələrindən hərbi xidmətə çağırılmış əsgərlərdən birini özü ilə bərabər qonaq apara bilir. Xalqımızın qonaqpərvərliyini göstərən bu tədbirlər həm də əsgərlər arasında ömürlük dostluq münasibətləri yaradır.