Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda turnir keçirilib. Mayın 26-da start götürən və dairəvi sistem üzrə keçirilən turnirdə “Araz-Naxçıvan”, “Mil-Muğan”, “Mərkəzi Ordu İdman Klubu” və “Zaqatala” komandaları mübarizə aparıblar.
Naxçıvan Muxtar Respublika Stadionunda “Araz-Naxçıvan” və “Mərkəzi Ordu İdman Klubu” arasında futbol üzrə “Heydər Əliyev kuboku”nun son turunun görüşü keçirilib.
Yarışdan əvvəl Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının, eləcə də müğənnilərdən Sevinc və Sevil Səfərovaların ifasında konsert proqramı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov turnirin son oyununu izləyib.
Gərgin idman mübarizəsi və dostluq şəraitində keçən oyun “Mərkəzi Ordu İdman Klubu”nun 1:0 hesablı qələbəsi ilə başa çatıb və komanda futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda keçirilən turnirin qalibi olub. “Mil-Muğan” komandası turnirdə ikinci yerə, “Araz-Naxçıvan” isə üçüncü yerə çıxıb.
Oyundan sonra mükafatlandırma mərasimi keçirilib.
Əvvəlcə turnirdə oyunları idarə edən hakimlərə mükafatlar verilib, turnirin təşkilində xidmətlərinə görə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə isə xatirə hədiyyəsi təqdim olunub. Oyunların nəticələrinə görə “Ən yaxşı gənc futbolçu”, “Ən məhsuldar futbolçu”, “Ən yaxşı qapıçı” və “Ən yaxşı futbolçu” nominasiyalarında mükafatlar verilib.
Sonra ikinci yerə çıxan “Mil-Muğan” komandasına gümüş, üçüncü yerin sahibi “Araz-Naxçıvan” komandasına isə bürünc medallar təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda keçirilən turnirin qalibi olan “Mərkəzi Ordu İdman Klubu”na qızıl medalları və kuboku təqdim edib.
Ali Məclisin Sədri turnirdə mübarizə aparan komandaların oyunçuları ilə görüşüb, onlara təşəkkürünü bildirib və komandalarla xatirə şəkli çəkdirib.