Dekabrın 23-də Əlahiddə Ümumqoşun Ordusunun yaradılmasının ildönümü münasibətilə Naxçıvan şəhərində yeni əsgər yataqxanası istifadəyə verilib.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev mərasimə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport verib.
Ali Məclisin Sədri əsgərləri salamlayıb.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasının müdafiəsinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun bazasında Əlahiddə Ümumqoşun Ordusu yaradılmışdır.
Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordusunun yaradılmasının ildönümü günündə yeni əsgər yataqxanasının istifadəyə verildiyini bildirib, bu münasibətlə Əlahiddə Ümumqoşun Ordusunun bütün şəxsi heyətini təbrik edərək deyib: Naxçıvanda formalaşmış ordu quruculuğu ənənələri ümummilli liderimiz Heydər Əliyevin 1990-1993-cü illərdə muxtar respublikaya rəhbərliyi dövründə inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu dövrdə Ulu Öndərin Naxçıvandan başladığı ordu quruculuğu prosesi, qəbul etdiyi qərarlar muxtar respublikanın etibarlı müdafiəsini təmin etmiş, mövcud hərbi dəstə və hissələrə vahid rəhbərliyi həyata keçirən dövlət qurumu təsis olunmuş və müstəqil Azərbaycanın ilk ordu hissələrinin yaradılmasına başlanmışdır. Bu taleyüklü tədbirlər Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında müstəsna əhəmiyyət kəsb etmişdir.
Ali Məclisin Sədri deyib: Ordu dövlət müstəqilliyinin, ərazi bütövlüyünün, sülh və əmin-amanlığın əsas təminatçısıdır. Bu gün Azərbaycanın güclü və qüdrətli ordusu vardır. Müasir hərbi texnikalarla təchiz edilmiş ordumuz hazırda yüksək döyüş qabiliyyətinə malikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin, eləcə də onun Naxçıvan Muxtar Respublikasının müdafiəsinin təşkili, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və hərbiçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Ölkə Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının yüksək səviyyədə olduğunu bildirərək deyib: "Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan Ordusu bu gün güclü ordudur. Naxçıvan Ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır".
Ordunun qüdrəti və döyüş qabiliyyətinin yüksək olması yalnız güclü texniki təminatla ölçülmür. O ordu güclüdür ki, onun sıralarında vətənpərvər gənclər xidmət edir. Ümummilli Liderimiz deyirdi ki, "Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir". Bu gün Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrdə olan birlik, vətənpərvərlik və yüksək döyüş əhval-ruhiyyəsi torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına tam təminat verir.
Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordusunun qarşıda duran vəzifələri bundan sonra da uğurla icra edəcəyinə əminliyini bildirib, əsgər yataqxanasının tikintisində əməyi olanlara təşəkkür edib, bütün şəxsi heyəti qarşıdan gələn 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək deyib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasəti bu gün ölkə Prezidenti, Ali Baş Komandan tərəfindən uğurla həyata keçirilir, Əlahiddə Ümumqoşun Ordusunun birləşmələrinin maddi-texniki bazası gücləndirilir. 2014-cü ildə muxtar respublikanın ərazi bütövlüyünün qorunması və müdafiəsinin təşkili istiqamətində kompleks tədbirlər həyata keçirilib, xidmətin nümunəvi təşkili təmin olunub. İl ərzində yeni əsgəri-məişət-yaşayış kompleksləri, təlim-tədris mərkəzləri, hərbiçilər üçün yaşayış binaları tikilərək istifadəyə verilib, bölmələr müasir silah, texnika və avadanlıqlarla təchiz edilib. Həmçinin xidmətdə fərqlənən hərbi qulluqçular orden və medallarla təltif olunub, onlara ali hərbi rütbələr verilib.
Kərəm Mustafayev yaradılan şəraitə və göstərilən qayğıya görə Əlahiddə Ümumqoşun Ordusunun şəxsi heyəti adında minnətdarlıq edib, muxtar respublikanın müdafiəsinin bundan sonra da etibarlı şəkildə təşkil olunacağını bildirib.
Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib, əsgər yataqxanasında yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, yeni inşa olunan əsgər yataqxanası 3 mərtəbədən ibarətdir. Yataqxanada əsgərlərin məişət şəraiti üçün müasir infrastruktur yaradılıb, yataq otaqları lazımi avadanlıqlarla təchiz olunub. Binanın hər mərtəbəsində məişət guşələri, ideoloji və ayrı-ayrı xidməti otaqlar yerləşir. Divarlara "Dövri mətbuat", "İdman guşəsi" başlıqlı stendlər, eləcə də muxtar respublikamızın tarixi və təbiət abidələrinin, quruculuq ünvanlarının fotoşəkilləri vurulub.
İdeoloji otaqlarda əsgərlərin asudə vaxtının səmərəli təşkili üçün lazımi şərait yaradılıb, ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən kitablar, bədii ədəbiyyatlar, stendlər, qəzet və jurnallar qoyulub.
Naxçıvan şəhərindəki hərbi hissədə kompleks quruculuq işləri aparılır
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Əlahiddə Ümumqoşun Ordusunun Naxçıvan şəhərindəki hərbi hissəsinin perspektiv planına baxıb, aparılan quruculuq işləri və xidmətin təşkili ilə maraqlanıb.
Bildirilib ki, hərbi hissədə xidmətin normal təşkili istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Ərazidə 4 mərtəbəli qərargah, zabit-gizir ailələri üçün 68 mənzilli yaşayış binasının və 3 mərtəbəli əsgər yataqxanasının inşası başa çatdırılıb. Hazırda bu binalarda tamamlanma işləri görülür. Həmçinin gələcəkdə hərbi şəhərcikdə təlim-tədris mərkəzinin, xəstəxana, yeməkxana və əsgər yataqxanasının inşası nəzərdə tutulub. Tikinti işləri həyata keçirilərkən hərbi hissənin sıra meydanı da müasir şəkildə qurulacaq, yeni idman meydançası yaradılacaqdır.
Hərbi hissədə zabit və əsgərlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həm də onların nəzəri və praktik hərbi biliklərinin artırılması istiqamətində də müvafiq tədbirlər həyata keçirilib. Belə ki, hərbi hissənin tədris mərkəzində tank və digər zirehli texnikaların idarə olunması, eləcə də texniki və atış sistemləri üzrə 8 trenajor quraşdırılıb.
Ali Məclisin Sədri yeni quraşdırılan trenajorlara baxıb, virtual olaraq həyata keçirilən atəş təlimini izləyib.
Məlumat verilib ki, şəxsi heyət trenajorlardan istifadə etməklə tank əleyhinə idarə olunan artilleriya qurğularından istifadə qaydalarını, zirehli texnikanın idarə olunması və döyüş zamanı onlardan atəş açılması üzrə təlimlərin keçirilməsini daha yaxşı mənimsəyir. Təlim prosesinin virtual təşkili şəxsi heyətin peşəkarlığının və mənəvi-psixoloji hazırlığının artırılmasına da imkan verir.
Ali Məclisin Sədri təlim prosesində trenajorlardan istifadənin vacibliyini vurğulayıb, şəxsi heyətin nəzəri biliklərinin və praktik vərdişlərinin artırılması barədə müvafiq tapşırıqlar verib.