Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun ayrı-ayrı bölmələrində Novruz bayramı münasibətilə silsilə tədbirlər təşkil olunur.
Bu münasibətlə ön xətdə keçirilən növbəti şənlikdə ilk olaraq bayram tonqalı yandırılıb, Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsinin Şərur Xalq Yallı Ansamblının kollektivi müxtəlif rəqs nömrələri ilə əsgərlər qarşısında çıxış ediblər. Bahar qız öz xonçasından əsgərlərə bayram sovqatı paylayıb, əsgərlərimiz bir-birindən şux musiqi sədaları altında oynayıblar.
Milli rəqslərdən ibarət rəngarəng konsert proqramı əsgərlərdə xoş ovqat yaradıb.
“N” hərbi hissənin zabitlərindən Azad Abbasov və Ziya Şıxəliyev bildirdilər ki, ötən əsrin 90-cı illərində ümummilli liderimiz Heydər Əliyev tərəfindən Naxçıvanda əsası qoyulan müstəqil dövlətçilik və həmrəylik ideyası Azərbaycanda inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilib. Dahi şəxsiyyətin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkəmizdə digər sahələrlə yanaşı, ordu quruculuğu istiqamətində də ardıcıl tədbirlər görülür, dövlət-xalq-ordu birliyi möhkəmlənir. Bu birlik və həmrəylik müstəqil Azərbaycan Ordusunun qüdrətini və şəxsi heyətin döyüş ruhunu artırır. Bayramlarda və əlamətdar günlərdə ictimaiyyətin, müxtəlif təşkilatların nümayəndələrinin hərbi hissələrdə olması, hərbi hissələrə bayram sovqatlarının təqdim edilməsi əsgər və zabitlər tərəfindən böyük minnətdarlıqla qarşılanır və şəxsi heyət arasında əhvali-ruhiyyənin daha da yüksəlməsinə səbəb olur. Novruz bayramı münasibətilə hərbi hissədə bayramın yüksək səviyyədə qeyd edilməsi dövlətimizin və xalqımızın hər zaman ordumuzun yanında olmasından xəbər verir.
Hərbçilərimiz vurğuladılar ki, biz də xalqımızın əmin-amanlıqda yaşamasına öz töhfəmizi verməyə, sərhədlərimizin keşiyində ayıq-sayıq dayanmağa çalışacağıq.
Əslən Xocalıdan olan əsgər Cəmşid Qəhrəmanov valideynlərinə salamını və bayram təbriklərini çatdırmağı xahiş etdi və dedi ki, bu gün ön xətdəki hərbi hissədə xidmət keçməkdən qürur duyur, ordumuzun qüdrətinin gündən-günə artdığına çox sevinir.
O, əminliyini bildirdi ki, tezliklə ordumuz işğal altında olan torpaqlarımızı azad edəcək, o və ailəsi yenidən öz şəhərinə, doğma Xocalıya qayıdacaqlar.
Əsgər Elşən Allahverdiyev qeyd etdi ki, bu gün hər bir əsgər arxamızda xalqımızın dayandığını yaxşı bilir. Xalqımızı bir daha əmin edirik ki, müqəddəs Vətən torpaqlarının hər qarışını göz bəbəyi kimi qoruyuruq, üzərimizə düşən vəzifələri layiqincə yerinə yetiririk. Novruz bayramı münasibətilə valideynlərimizi təbrik edərək demək istəyirik ki, bizdən arxayın olsunlar, bizim üçün burada hər cür şərait yaradılıb, heç nədən çətinliyimiz yoxdur.
Düşmənlə ön xətdə qalanan tonqal ətrafında keçirilən şənliyə əsgərlərimizin böyük əhvali-ruhiyyə ilə qatılması, yallı rəqsi ilə birlik və həmrəylik nümayiş etdirməsi bir daha göstərdi ki, Azərbaycan Ordusunda böyük ruh yüksəkliyi var. Ən çətin döyüş tapşırığını yerinə yetirməyə hazır olan ordumuzun igid əsgərləri qələbə sevincini də bu şəkildə qeyd edəcəkləri günü, ən əsası isə Ali Baş Komandanın döyüş əmrini səbirsizliklə gözləyirlər.