Naxçıvan Qarnizonunun Zabitlər Evində C.Naxçıvanskinin 120 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin, torpaqlarımız uğrunda şəhid olan Vətən övladlarının və hərb tariximizin görkəmli simalarından olan C.Naxçıvanskinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Əlahiddə Ümumqoşun Ordunun Mənəvi-Psixoloji Təminat Şöbəsinin rəisi polkovnik Mirqiyas Rüstəmov tədbirdə çıxış edərək bildirib ki, Cəmşid Naxçıvanski 1921-ci ildə Azərbaycanın ilk milli atıcı diviziyasını yaradıb və həmin diviziyanın komandiri olub. Ümummilli liderimiz Heydər Əliyevin cəsarəti sayəsində onun adı hərb tariximizdə əbədiləşib. 1971-ci ildə Bakı şəhərində respublika hərbi təyinatlı orta internat məktəbi yaradılıb və C.Naxçıvanskinin adı bu məktəbə verilib. Sonralar həmin məktəb hərbi liseyə çevrilib. Böyük sərkərdənin adına indi ölkəmizdə hərbi lisey, ev-muzeyi və tam orta məktəb var.
Sonra "N" hərbi hissəsinin hərbi qulluqçusu kiçik çavuş Asim Əbilov, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli görkəmli sərkərdənin həyat yoluna nəzər salaraq bildiriblər ki, Kəngərli nəslinin onlarla görkəmli nümayəndəsi arasında Cəmşid xan Naxçıvanskinin həyatı və fəaliyyəti maraqlı məqamları ilə daha çox seçilir. General Cəmşid Naxçıvanskinin adı hərb tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Onun keçdiyi ömür yolu bugünkü və gələcək nəsillərə örnəkdir.