Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında Sazişə əsasən iyunun 12-dən etibarən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin birgə əməliyyat taktiki təlimləri başlanıb.
İyunun 15-də - Milli Qurtuluş Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin mexanikləşdirilmiş briqada komandiri, general-mayor Ərcan İlhan birgə əməliyyat taktiki təlimi izləyiblər.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimə hazırlıq barədə Ali Məclisin Sədrinə raport verib.
Əməliyyat taktiki təlimin planı ilə tanış olduqdan sonra bildirilib ki, təlimin keçirilməsində məqsəd Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətləri arasında əməliyyatların birgə icra edilməsində uzlaşmış fəaliyyətə nail olunması, qoşunların idarə edilməsində vahid proseduraların işlənib hazırlanması və Əlahiddə Ümumqoşun Ordu ilə müxtəlif güc strukturlarının birgə fəaliyyətinin planlaşdırılmasından ibarətdir. Təlimə Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələri ilə yanaşı, Əlahiddə Sərhəd Diviziyasının, Əlahiddə Əməliyyat Briqadasının və Mülki Müdafiə Alayının bölmələrinin ümumilikdə 5 minə yaxın şəxsi heyəti, 250-dən artıq zirehli və 500-ə yaxın avtomobil texnikası cəlb edilib.
Üç mərhələdə keçirilən təlimin birinci mərhələsində Əlahiddə Ümumqoşun Ordunun, digər güc strukturlarının və Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri tam döyüşə hazırolma vəziyyətinə gətirilərək düşmənin dayandırılması və əks-zərbə əməliyyatı planlaşdırılması aparılıb. İkinci mərhələdə əks zərbənin endirilməsi, düşmənin darmadağın edilməsi və itirilmiş vəziyyətin əlverişli hədlər üzrə bərpa edilməsi, üçüncü mərhələdə isə əks-hücumu davam etdirərək, düşmən ehtiyatlarının məhv edilməsinin başa çatdırılması və əlverişli ərazi sahələrinin nəzarət altına alınması tapşırıqları icra olunub.
Təlimin ssenarisinə əsasən düşmənin fəaliyyətinin izlənilməsi, atəş vasitələrinin, ehtiyatlarının və vacib obyektlərinin koordinatlarının dəqiq təyin olunması məqsədilə pilotsuz uçuş aparatları və vizual müşahidə vasitələrindən istifadə etməklə kəşfiyyat bölmələri fəaliyyətə başlayıb. Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının Çevik Hərəkət Taboru hücum əməliyyatını davam etdirməyə qüvvəsi yetməyən düşmənin dövlət sərhədi boyu keçirdiyi kəşfiyyat-diversiya fəaliyyətlərinə qarşı tədbirlər görərək dövlət sərhədini möhkəmləndirib, hava məkanını pozmuş düşmən aviasiyası hava hücumundan müdafiə bölmələrinin dəqiq zərbələri ilə məhv edilib.
Yüksək dəqiqlikli atəş idarəetmə sistemləri ilə təchiz edilmiş Əlahiddə Ümumqoşun Ordunun artilleriya birləşmə, hissə və bölmələri düşmənin toplanma rayonlarına çıxarılmış bölmələrinə, aviasiya eskadrilyasının atəş-dəstək vertolyotları isə düşmənin ehtiyatlarına və zirehli obyektlərinə atəş zərbələri endiriblər.
Müasir raket, reaktiv və artilleriya sistemlərinin cəlb edilməsi ilə əks-zərbə planına uyğun olaraq ordu artilleriyası atəş hazırlığına başlayaraq düşmənin müdafiə dərinliyində yerləşən vacib dövlət və hərbi obyektlərinə, silah sistemlərinə, artilleriya və idarəetmə məntəqələrinə zərbələr vurub. Tanklar, piyadanın döyüş maşınları və tank əleyhinə vasitələrlə düşmənin ön xəttində və yaxın dərinliyində yerləşən zirehli texnikaları və “TOS-1A” müasir ağır odatan sistemi ilə onun taqım dayaq məntəqələri, artilleriya və minaatan batareyaların atəş mövqeləri məhv edilib, Əlahiddə Ümumqoşun Ordu Komandanı əldə edilmiş atəş üstünlüyündən istifadə edərək düşmənə qətiyyətli zərbə endirmək məqsədilə birləşmə və hissələrin hücuma keçməsi üçün əmr verib.
Təlimin gedişində təmir-təxliyə, maddi-texniki və tibbi təminat tapşırıqları da uğurla yerinə yetirilib.
Dağlıq ərazidə texnikanın hərəkətinin məhdud olduğu rayonlarda atəş dəstəyinin fasiləsiz təmin edilməsi üçün artilleriya bölmələrinə “Mİ-17V” tipli nəqliyyat vertolyotlarından “Mİ-35M” vertolyotlarının hava növbətçiliyi ilə paraşütlə döyüş sursatı atılıb. Bölmələrin hücumunun dərinliyə sürətlə inkişaf etdirilməsi üçün taktiki və hava desantı təyin olunmuş rayonlara vertolyotlar vasitəsilə endirilib.
Təlimə cəlb edilmiş birləşmə və hissələr qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirərək hədəf və maketlərin 90 faizindən çoxunu məhv edib və düşmən üzərində qələbə çalıblar.
Sonda hərbi vertolyotlar Azərbaycan və Türkiyə bayraqlarını səmada nümayiş etdirib, ümummilli lider Heydər Əliyevin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” kəlamı səslənib.
Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına daxil olmuş yeni silah, texniki avadanlıqlar və pilotsuz uçuş aparatlarına baxıb.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimin başa çatması barədə raport verdikdən sonra təlimdə iştirak edən şəxsi heyətlə görüş olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov əsgər, zabit və tədbir iştirakçılarını Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinin başa çatması və Azərbaycan xalqının Milli Qurtuluş bayramı münasibətilə təbrik edərək deyib: “Bu gün Milli Qurtuluşun bəhrələri özünü Azərbaycan xalqının həyatının bütün sahələrində, o cümlədən ordu quruculuğunda da göstərir. Dövlətin müstəqilliyi onun ordusunun qüdrətindən asılıdır. O ölkədə güclü ordu yaradıla bilər ki, orada sabitlik və iqtisadi inkişaf olsun. Milli Qurtuluş Günündən başlanan sabitlik və həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycan ordusunu daha da qüdrətləndirmişdir”.
Ali Məclisin Sədri deyib: “Bu gün müstəqil Azərbaycanda ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Ölkə Prezidentinin rəhbərliyi ilə ordumuz inkişaf edərək ən müasir səviyyəyə gəlib çatmışdır. Ən yeni silah və texnika ilə təminat, vətənpərvər və peşəkar şəxsi heyət, hərbi qulluqçulara davamlı qayğı Azərbaycan ordusunun reallıqlarıdır. Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu və birləşmələri də mühüm təşkilatlanma yolu keçərək daha da möhkəmlənmişdir. Azərbaycan xalqının Milli Qurtuluş tarixinin mühüm bəhrələrindən biri də Azərbaycan-Türkiyə birliyinin daha da möhkəmlənməsidir. 1993-cü ildə xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərini bir millətin iki dövləti səviyyəsinə qaldırmışdır. Hərbi əməkdaşlıq haqqında Sazişə əsasən keçirilən hərbi təlimlər bu birliyin, dostluğumuzun və qardaşlığımızın daha bir parlaq ifadəsi oldu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan-Türkiyə birliyinin strateji əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Bizim gücümüz bizim birliyimizdədir. Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdür”. Birgə hərbi təlim bir daha təsdiq etdi ki, ordunun gücü yalnız silah və texniki təminatla ölçülmür. Ordunun gücü həm də onun sıralarında xidmət edən şəxsi heyətin ruh yüksəkliyi, möhkəm iradəsi, vətənpərvərliyi və peşəkarlığı ilə ölçülür. Hərbi təlimlərdən çıxan nəticə budur ki, Azərbaycan və Türkiyə Ordusu peşəkar olduğu qədər də vətənpərvərdir. Şəxsi heyətlərimiz ən yüksək mənəvi keyfiyyətlərə malikdirlər. Bu, bizim ən böyük nailiyyətimizdir”.
Ali Məclisin Sədri hərbi təlimin bütün iştirakçılarını və təşkilatçılarını tapşırıqların uğurlu icrası münasibətilə təbrik edib, şəxsi heyətlərə təşəkkürünü bildirib.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək deyib ki, Əlahiddə Ümumqoşun Ordu təlimdə tam döyüşə hazır vəziyyətə gətirilib, səfərbərlik planları uğurla yerinə yetirilib, hərbi hissələr döyüş uzlaşması keçib. Keçirilən birgə əməliyyat taktiki təlim qardaş Türkiyə Silahlı Qüvvələri ilə hərbi sahədə genişmiqyaslı əməkdaşlığın bariz nümunəsidir. Təlimdə qarşıya qoyulan məqsədə nail olunması bir daha təsdiq etdi ki, Əlahiddə Ümumqoşun Ordu Naxçıvanın dayanıqlı və etibarlı müdafiəsinə tam hazırdır.
Türkiyə Respublikası Silahlı Qüvvələrinin mexanikləşdirilmiş briqada komandiri, general-mayor Ərcan İlhan Milli Qurtuluş Günü münasibətilə təbriklərini çatdıraraq deyib ki, böyük öndərlərimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh” şüarı bu gün keçirilən birgə əməliyyat taktiki təlimdə birliyimizin və bərabərliyimizin ifadəsinə çevrildi. Hər iki silahlı qüvvələrin şəxsi heyəti verilən döyüş tapşırıqlarını peşəkarlıqla yerinə yetirməklə, eyni zamanda, iki ordu arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu nümayiş etdirdilər. Ərcan İlhan birgə hərbi təlimlərin təşkilində və yerinə yetirilməsində əməyi olanlara minnətdarlıq edib.
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimdə qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiklərinə görə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətlərini təbrik edərək deyib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsinə xüsusi diqqət yetirilir. Hazırda Əlahiddə Ümumqoşun Ordu yüksək döyüş qabiliyyətinə malikdir və düşmənə layiqli cavab verməyə qadirdir. Düşmən bilməlidir ki, Naxçıvanın müdafiəsində ən peşəkar ordu dayanıb. Zakir Həsənov Naxçıvanda ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Ali Məclisin Sədri təlimdə fərqlənən zabit, gizir və əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırıb.
Sonda zabit, gizir və əsgərlər şəxsi heyət arasındakı birlik və bərabərliyin ifadəsi olan “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndiriblər.