Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 12-dən etibarən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin birgə taktiki təlimləri başlayıb.
Mayın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar birgə taktiki təlimi izləyiblər.
Təlimdə 1000-dən artıq şəxsi heyət, 150-dən artıq döyüş və digər texnika, 50-ə yaxın artilleriya və reaktiv qurğu, 4 atəş dəstək vertolyotu, 6 ədəd zenit-raket qurğusu iştirak edib. Təlimlərin keçirilməsində əsas məqsəd Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.
Üç mərhələdə keçirilən təlimlərdə bölmələr tərəfindən qarşılıqlı uzlaşma şəraitində müxtəlif döyüş tapşırıqları praktiki şəkildə icra olunub. Təlimdə birgə əks-hücum əməliyyatlarının təşkili və aparılması, zirehli qrupların düşmənin müdafiə xəttini yarmaqla təyin olunmuş istiqamətdə əlverişli həddi ələ keçirməsi, taktiki-hava desantının düşmən bölmələrinin arxasına atılması və hakim yüksəkliklərin ələ keçirilməsi, hücumda olan qoşunların dəstəyi üzrə hava-hücumundan müdafiə qoşunlarının qarşılıqlı fəaliyyətinin öyrənilməsi mövzularında tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri və vertolyotlar döyüş atışları və raket buraxılışlarını həyata keçiriblər.
Təlim ssenarisinə əsasən hava hücumundan müdafiə bölmələri zenit-raket kompleks vasitələri ilə dövlət sərhədini pozan düşmən təyyarələrini məhv edib. Hərbi birləşmələrimiz yaylım atəşli reaktiv silahlar vasitəsilə hücuma keçən düşmənin idarəetmə məntəqələrini, canlı qüvvəsini, döyüş texnikalarını, artilleriya və minaatan batareyalarını zərərsizləşdirib, dayaq məntəqələrini və qovşaqlarını dağıdıb. Sonra atəş dəstək və döyüş-nəqliyyat vertolyotlarının müşayiəti ilə düşmən müdafiəsinin yaxın dərinlikdəki zirehli obyektlərinə zərbələr endirilib və düşmən üzərində atəş üstünlüyü əldə edilibdir.
Təmas xətti boyu mövqelərini gücləndirən və atəş üstünlüyünə yiyələnən Əlahiddə Ümumqoşun Ordusu bundan sonra düşmənə qarşı əks-hücum əmrini yerinə yetirib. Əvvəlcə özüyeriyən artilleriya qurğuları, müxtəlif çaplı toplar və minaatanlardan açılan atəşlə düşmənin canlı qüvvəsi məhv edilib. Ardınca tanklar, piyada döyüş maşınları, tank əleyhinə idarə olunan raket kompleksləri hücuma dəstək verərək düşmən müdafiəsinin ön xəttindəki atəş vasitələrinə zərbələr endiriblər. Bu zaman qarşı tərəfin müdafiə istehkamları və digər səhra qurğuları dağıdılıb, hərəkətdə olan və hərəkətsiz zirehli texnikalar yararsız hala salınıbdır. Əks-hücum əməliyyatına atəş-dəstək vertolyotları da qoşularaq düşmənin müdafiə dərinliyində aşkarlanmış canlı qüvvəsini və zirehli obyektlərini atəşə tutub.
Daha sonra Əlahiddə Ümumqoşun Ordusunun birləşmələri Türkiyə Respublikası Silahlı Qüvvələrinin gücləndirilmiş tabor taktiki qrupları ilə birlikdə düşmən müdafiəsinin ön xəttini yarıb, piyada döyüş maşınları və tanklar dərinliklərə nüfuz ediblər. Artilleriya bölmələri atəş mövqeyini dəyişməklə hücum edən bölmələrə dəstək verib, Əlahiddə Ümumqoşun Ordusunun ön dəstələri sürətli hücum təşkil edərək qarşı tərəfin mühüm rayonlarını və həddini ələ keçiriblər. Hərbi təlimdə səyyar tibb və təmir təxliyə qrupları da fəallıq nümayiş etdiriblər.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birləşmələri və Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirib, birgə hərbi təlim müvəffəqiyyətlə başa çatıb.
Sonda hərbi vertolyotlar Azərbaycan və Türkiyə bayraqlarını səmada nümayiş etdirib, ümummilli lider Heydər Əliyevin "Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" fikirləri səsləndirilibdir.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev təlimin başa çatması barədə raport verdikdən sonra təlimdə iştirak edən şəxsi heyətlə görüş olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qardaş Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrini, əsgər və zabitləri, eləcə də tədbir iştirakçılarını Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinin uğurla başa çatması münasibətilə təbrik edərək deyib: Bu təlimlər müstəqil ölkələrimizin iqtisadi və hərbi qüdrətinin göstəricisidir. 20-ci yüzilliyin əvvəlində böyük Mustafa Kamal Atatürk türk ordusunu yaratmaqla qardaş Türkiyəni xilas etdi. Həmin əsrin sonunda müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev də milli ordumuzu yaratmaqla Azərbaycanı parçalanmaqdan xilas etdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu sahəsində başladığı taleyüklü işlərin və vəzifələrin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində bu gün Azərbaycan ordusu müstəqilliyimizin təminatçısıdır. Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikası ərazisindəki birləşmə və hissələri də böyük təşkilatlanma yolu keçmişlər. Naxçıvandakı motoatıcı briqada quruculuq tədbirləri nəticəsində peşəkar hərbi heyətə və güclü maddi-texniki bazaya malik Əlahiddə Ümumqoşun Ordusu səviyyəsinə gəlib çatmışdır.
Ali Məclisin Sədri işğalçı erməni ordusu ilə üz-üzə dayanan Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrin yeni standartlar əsasında formalaşdırılmasında Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin təmənnasız köməyini xüsusi qeyd edib, qardaş Türkiyə dövlətinə və Silahlı Qüvvələrinə dərin hörmət və ehtiramını bildirərək deyib: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əlaqələrimizin strateji əhəmiyyətini qiymətləndirərək demişdir: "Bizim gücümüz bizim birliyimizdədir. Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdür". Bu gün bu güc, bu birlik böyük Atatürkün vaxtı ilə "türkün qapısı" adlandırdığı Naxçıvanda özünü bütün əzəməti ilə bir daha göstərdi. Azərbaycan-Türkiyə birgə hərbi təlimləri bir tərəfdən ölkələrimiz arasında imzalanmış strateji tərəfdaşlığın, qardaşlığın göstəricisidirsə, digər tərəfdən ümummilli lider Heydər Əliyevin kəlamları ilə desək – iki dövlətin bir millətin bir ordusunun birliyinin nümunəsidir. Keçirilən birgə hərbi təlim bir daha göstərdi ki, o ordu güclü deyil ki, onun silah-sursatı və hərbi texnikası var. O ordu güclüdür ki, onun əsgər və zabitində döyüş ruhu güclüdür, vətənpərvərdir. Bugünkü təlimlər yüksək əsgəri ruhun, peşəkarlığın və vətənpərvərliyin ifadəsinə çevrildi.
Ali Məclisin Sədri hərbi təlimdə iştirak edənləri uğurlu nəticə münasibətilə bir daha təbrik edib, təlimlərdə birgə iştiraka və tərəfdaşlığa görə təşəkkürünü bildirib və çıxışını "Yaşasın Azərbaycan-Türkiyə dostluğu!" ifadələri ilə tamamlayıbdır.
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edərək deyib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikasının da müdafiə potensialının gücləndirilməsinə xüsusi diqqət yetirilir. Hazırda Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu yüksək döyüş qabiliyyətinə malikdir. Bugünkü birgə təlimlər bir daha sübut etdi ki, Naxçıvandakı hərbi birləşmələrin döyüş hazırlığı yüksək səviyyədədir və şəxsi heyət istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Zakir Həsənov təlimdə qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiklərinə görə şəxsi heyəti təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar deyib ki, birgə hərbi təlimlərin uğurla yerinə yetirilməsi dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyənin silahlı qüvvələrinin güc birliyinin göstəricisidir. Təlimləri izləyərkən bir daha əmin olduq ki, istər Azərbaycan Respublikasının, istərsə də Türkiyə Respublikasının silahlı qüvvələrinin bugünkü döyüş hazırlığı yüksək səviyyədədir. Hər iki silahlı qüvvələrin şəxsi heyəti verilən döyüş tapşırıqlarını peşəkarlıqla yerinə yetirməklə, eyni zamanda, iki ordu arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu nümayiş etdirdilər. Ümit Dündar birgə hərbi təlimlərin təşkilində və yerinə yetirilməsində əməyi olanlara minnətdarlıq edib, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə əməkdaşlığını bundan sonra da davam etdirəcəyini bildirib.
Sonda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar hərbi təlimdə iştirak edən şəxsi heyətlə xatirə şəkli çəkdiriblər.
Naxçıvan şəhərindəki hərbi hissədə yeni qərargah binası və əsgər yataqxanası istifadəyə verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: "Naxçıvanda Əlahiddə Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir".
Bu gün Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, maddi-texniki təchizatı və şəxsi heyətin xidməti şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan şəhərində yerləşən hərbi hissə üçün yeni qərargah binası və əsgər yataqxanası inşa edilib.
Mayın 15-də qərargah binasının və əsgər yataqxanasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar qərargah binasının açılışını bildirən lenti kəsiblər.
Məlumat verilib ki, yeni qərargah binası 4 mərtəbədən ibarətdir. Binada müasir xidmət otaqları, taktiki təlim sinfi və istirahət guşəsi vardır. Yeni qərargah binası müasir idarəetmə prinsiplərinə uyğun qurulub. Burada zabitlərin xidmət şəraitinin yüksəldilməsi üçün bütün imkanlar mövcuddur. Xidmət otaqları bütün lazımi avadanlıqlarla təmin edilib, kompyuterlər quraşdırılıb. Taktiki təlim sinfində proyektor və digər müasir təlim avadanlıqları qoyulub.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan ordusu haqqında söylədiyi fikirlərdən və ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin əks olunduğu fotoşəkillərdən ibarət guşələr yaradılıb.
Bina ilə tanışlıqdan sonra yeni əsgər yataqxanasının da açılışı olub.
Bildirilib ki, 3 mərtəbədən ibarət olan əsgər yataqxanası 900 yerlikdir. Burada yataq otaqları, məişət guşələri, istirahət otaqları, ideoloji, silah və zabitlər üçün xidməti otaqlar vardır. Yataqxanada əsgərlər üçün müasir sosial-məişət şəraiti yaradılıb. Yataq otaqları keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla təchiz olunub. "Xidmət etdiyim diyar" guşəsində muxtar respublikanın tarixi və təbiət abidələrinin, quruculuq ünvanlarının fotoşəkilləri yerləşdirilib.
Yüksək şəraiti olan əsgər yataqxanasının istirahət və təlim otaqları da müasir tələblərə cavab verir. Binada əsgərlərin asudə vaxtının səmərəli təşkili nəzərə alınıb, ideoloji otaqda ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən kitablar, bədii ədəbiyyatlar, məlumat stendləri, qəzet və jurnallar qoyulubdur.
Hər iki binanın həyətində də geniş abadlıq işləri aparılıb, mini futbol və voleybol meydançaları istifadəyə verilib.
Əlahiddə Ümumqoşun Ordusuna xidməti avtomobillər və yük maşınları təqdim olunub
Həmin gün Naxçıvan Əlahiddə Ümumqoşun Ordusuna yeni xidməti avtomobillər və yük maşınları təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov yeni xidməti avtomobillərə və yük maşınlarına, eləcə də Əlahiddə Ümumqoşun Ordusunun digər döyüş texnikalarına baxıblar.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissə və bölmələrinə 10 ədəd yeni "Naz lifan" markalı xidməti avtomobil və 20 ədəd "Kamaz" markalı yük maşınları verilib, maddi-texniki baza daha da möhkəmləndirilibdir.
Hazırda hərbi hissələrin bazasında ən müasir döyüş texnikaları və müxtəliftəyinatlı avtomobillər vardır. Atəş idarəetmə maşınları, yüksək hündürlükdə meteoroloji şəraiti ölçmə sistemi, təxliyə avtomobilləri, ultrasəs və ekokardioqrafiya aparatı ilə təmin olunmuş tibb qoşquları, zabit və rəis heyətinin səhra şəraitində iş və istirahətinin təşkili üçün nəzərdə tutulan qoşqu və avtomobillər döyüş zamanı şəxsi heyətin fəaliyyətinin düzgün təşkilinə imkan verir.
Nümayiş etdirilən müasir yaylım atəşli reaktiv sistemlər, tanklar, zirehli döyüş maşınları, artilleriya qurğuları, müxtəlif çaplı silahlar istənilən döyüş tapşırığını uğurla yerinə yetirməyə imkan verir. Səhra şəraitində istifadə olunan müasir texniki vasitələr də ən yüksək tələblər səviyyəsindədir. Səyyar texniki-təmir emalatxanaları çətin təbii xidmət şəraitində geniş imkanlara malikdir.