Naxçıvan Olimpiya İdman Kompleksində hərbi qulluqçular arasında yunan-Roma, sərbəst güləş və cüdo birincilikləri keçirilir.
Yarışlardan əvvəl Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Vahid Məmmədov və yarışların baş hakimi Hikmət Hüseynov birinciliyin məqsəd və qaydalarını idmançı hərbi qulluqçuların diqqətinə çatdıraraq iştirakçılara uğurlar arzulayıblar.
Naxçıvan Qarnizonu üzrə keçirilən yarışların ilk günündə hərbi qulluqçular cüdo birinciliyində öz güclərini sınayıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Güləş Federasiyası və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkil etdikləri yarışlarda hərbi qulluqçularla yanaşı Heydər Əliyev adına Hərbi Liseyin kursantları da mübarizə aparır.
Güləşin yunan-Roma, sərbəst və cüdo növləri üzrə ümumilikdə 23 çəki dərəcəsində keçirilən yarışlar davam edir.