Naxçıvan Qarnizonunda gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kurslarının növbəti buraxılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra polkovnik Mehman Gülməmmədov bildirib ki, kursları uğurla başa vuran məzunlar Əlahiddə Ümumqoşun Ordunun, Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının, hissə və bölmələrində xidmətə başlayacaqlar.
Qeyd olunub ki, təyin olunmuş tədris proqramına uyğun olaraq kursantlarla tədris dövründə nəzəri, praktiki dərslər və qoşun təcrübəsi təşkil olunaraq keçirilib. Tədrisdə əsas diqqət ordumuzun arsenalına qəbul olunmuş yeni silahların və hərbi texnikaların dərindən öyrənilməsinə, müasir silah növlərinin döyüş şəraitində bacarıqla istifadə edilməsinə yönəldilib.
Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıran general-mayor Fazil Ağalarov bildirib ki, hazırda Silahlı Qüvvələrimizdə hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi qarşımızda duran vacib məsələlərdəndir. Bu gün peşəkar hərbi qulluqçu kimi buraxılış mərasimi keçirilən gizirlərin və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığının müasir tələblər səviyyəsində olması ordumuzun uğurlarındandır.
Təbrik oxunduqdan sonra kursu müvəffəqiyyətlə bitirən məzunlara sertifikat və hədiyyələr təqdim edilib, nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.
Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və məzunların tribuna önündən təntənəli keçidi olub.