Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Fevral 2020 15:27

Naxçıvan Qarnizonunda 2019-2020-ci dərs ilinin birinci yarımilinin yekunlarına dair müşavirə keçirilib - VİDEO

Naxçıvan Qarnizonu tam orta məktəbində və Heydər Əliyev adına Hərbi Liseydə
 2019-2020-ci dərs ilinin birinci yarımilinin yekunlarına dair müşavirə keçirilib.
Naxçıvan Qarnizonu tam orta məktəbində keçirilən müşavirədə məktəbin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Natiq Əhmədov və digər çıxış edənlər məktəbdə yaradılmış müasir tədris şəraitindən, hər il qəbul imtahanlarında qazanılan yüksək nəticələrdən və uğurlardan danışıblar.
Müşavirədə Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev bildirib ki, “Təhsil millətin gələcəyidir” deyən ümummilli lider Heydər Əliyevin siyasi kursu bütün sahələrdə olduğu kimi təhsil sahəsində də uğurla davam etdirilir. Naxçıvan Qarnizonu tam orta məktəbində əsaslı təmir işlərinin aparılması, maddi-texniki bazanın daim təkmilləşdirilməsi və təlim-tədris üçün əlverişli şəraitin yaradılması növbəti qayğının ifadəsidir.
General-leytenant Kərəm Mustafayev 2019-2020-ci dərs ilinin birinci yarımilini təhlil edərək ikinci yarımildə qarşıya qoyulan əsas tapşırıqları diqqətə çatdırıb. Vurğulanıb ki, məktəbdə tədrisin səmərəliliyinin artırılması üçün IX-XI sinif şagirdləri və onların valideynləri ilə maarifləndirici söhbətlər aparılmalı, buraxılış imtahanlarına hazırlıq işləri görülməklə bərabər imtahanqabağı məşğələlər təşkil edilməli, zəif nəticə göstərən şagirdlər xüsusi nəzarətə götürülməli, fiziki hazırlığa nəzarət gücləndirilməli və şagirdlərin yarışlarda iştirakı təmin edilməli, “Oxunması zəruri olan kitablar”ın mütaliə və müzakirəsi, eləcə də müəllimlər üçün yeni təlim texnologiya və metodlarından istifadə etməklə seminar və treninqlər keçirilməlidir.
Heydər Əliyev adına Hərbi Liseydə keçirilən müşavirədə Hərbi Liseyin rəisi, general-mayor Məhəmməd Həsənov və digər çıxış edənlər pedaqoji kollektivin peşəkarlığı nəticəsində kursantların təhsilində və intizamında uğurlar qazanıldığını qeyd ediblər.
Müşavirədə çıxış edən Naxçıvan Qarnizonunun rəisi qeyd edib ki, Heydər Əliyev adına Hərbi Lisey ümummilli liderimizin xatirəsinin əbədiləşdirildiyi ilk ünvan kimi gələcəyin vətənpərvər, savadlı və peşəkar zabitlərinin yetişdirilməsi yolunda inamlı addımlar atır. Ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Hərbi Lisey mühüm təşkilatlanma və inkişaf yolu keçib, burada nümunəvi hərbi tədris sistemi, möhkəm maddi-texniki baza yaradılıb.
General-leytenant K.Mustafayev dərs ilinin ikinci yarımilində Hərbi Liseyin yerinə yetirməli olduğu əsas tapşırıqları diqqətə çatdıraraq bildirib ki, gələcəyin zabitlərinin peşəkar səviyyədə hazırlanması üçün tədrisdə yüksək nəticələr göstərmiş kursantlarla mütəmadi olaraq müvafiq işlər aparılmalı, liseyin qabaqcıl müəllimlərinin cəlb edilməsi ilə dərsdənkənar və dərnək məşğələlərinin səmərəliliyi artırılmalı, kursantların asudə vaxtlarında viktorina və əyləncəli oyunlar keçirilməli, dərslərdə əyani vəsaitlərdən, elektron lövhə, kompüter və laboratoriyaların imkanlarından səmərəli istifadə olunmalıdır.
Vurğulanıb ki, fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti və qarşıda duran vəzifələr haqqında" keçirilmiş müşavirədə qarşıya qoyulmuş vəzifələrin icrası və idmanın kütləviliyinə nail olunması məqsədi ilə Hərbi Liseydə də fiziki hazırlıq dərslərinin keyfiyyəti artırılmalı və kursantların yarışlarda iştirakı təmin edilməlidir.