Naxçıvan qarnizonu üzrə hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib. “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunan birincilikdə 16 komandadan 90 idmançı 6 çəki dərəcəsində mübarizə aparıb.
Birincilik daşqaldırma yarışlarının proqramına daxil olan birdən və təkanla qaldırma üzrə keçirilib. Hər çəki dərəcəsində şəxsi yerlər hər iki növ çalışmada yığılmış ən çox xalla müəyyən edilib. Şəxsi hesabda 60kq çəki dərəcəsində əsgər Əliyar Məmmədov, 65kq çəki dərəcəsində baş çavuş Rəşad Həsənov, 70kq çəki dərəcəsində kursant Elməddin Sultanzadə, 80kq çəki dərəcəsində əsgər Turqut Məmmədli, 90kq çəki dərəcəsində gizir Sərxan Zeynalov və 90kq-dan yuxarı çəki dərəcəsində leytenant Səid Feyziyev birinci yerə layiq görülüb.
Yekun nəticələrə əsasən komanda hesabında üçüncü yerdə Heydər Əliyev adına Hərbi Liseyin kursantları, ikinci yerdə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandası, birinci yerdə xüsusi təyinatlılar qərarlaşıb. İlk üçlüyə düşməyi bacaran qaliblər Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən Fəxri fərman, Diplom və kuboklarla mükafatlandırılıb.