“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində məşğələlər keçirilib.
Komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin əməliyyat hazırlığına və bölmələrin idarə edilməsində praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.
Müxtəlif təlim yerlərində tabor, divizion komandirləri və müavinlərinə ayrı-ayrı fənlər üzrə dərslər keçirilib, 60, 82 və 120 millimetrlik minaatanlara quraşdırılmış simulyatorlar vasitəsilə praktiki atışlar yerinə yetirilib.
Səhra şəraitində bölmələrin qidalanmasının təşkili, şəxsi heyətin yemək və su tələbatının ödənilməsi məqsədi ilə arxa komanda məntəqəsi açılıb.
Məşğələlər çərçivəsində tərkibinə hava hücumundan müdafiə vasitələri və minaatanlar verilmiş motoatıcı bölüyün müdafiə döyüşünün planlanması, hazırlanması, keçirilməsi və idarə edilməsi metodikası praktiki olaraq göstərilib.
Bölüyün döyüş atışlı taktiki təliminin ssenarisinə əsasən motoatıcı bölüyün dayaq məntəqəsinə düşmənin bir tabora qədər qüvvəsi pilotsuz uçuş aparatlarının və artilleriya atəş zərbələrinin dəstəyi ilə hücum edir.
Düşmən artilleriyasını susdurmaq və hava zərbələrini dəf etmək məqsədilə zenit qurğularından, minaatanlardan, piyadanın döyüş maşınlarından və digər atəş vasitlərindən atəş tapşırığı yerinə yetirilir.
Düşmənin üstün qüvvələrinin hücumunu dəf edərək maksimal itkiyə məruz qoymaq, dayaq məntəqəsini əldə saxlamaqla sonrakı fəaliyyətlər üçün əlverişli şərait yaratmaq məqsədilə müdafiə döyüşü aparılır.
Motoatıcı bölüyün ehtiyatda olan taqımı döyüşə yeridilərkən düşmənin hava kəşfiyyat vasitələri tərəfindən müşahidə edilərək artilleriya atəş zərbələrinə və kəşfiyyat-diversiya qrupunun basqınına məruz qalır. Aktiv fəaliyyətlərlə düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilir.
Bölüyün döyüş atışlı taktiki təlimində yaranmış mürəkkəb şəraitdə şərti düşmənə etibarlı atəş zərbələri endirilir, dayaq məntəqəsi qarşısında düşmənin hücumu dayandırılır və beləliklə də qarşıya qoyulmuş məqsədə nail olunur.
Məşğələlərə yekun vurulan zaman müdafiə döyüşünün komandirlərdən həm yüksək peşəkarlıq, həm də ortaya çıxan mürəkkəb taktiki şəraitdə soyuqqanlılıq və iradə göstərməyi, özünü itirməmək bacarığını sərgiləməyi tələb etdiyi vurğulanıb. Döyüşün ən mürəkkəb və çətin növü sayılan müdafiə döyüşünün praktiki olaraq göstərilməsi zamanı komandirlərin peşəkar idarəetmə, şəxsi heyətin yüksək səhra bacarığı nümayiş etdirməsi məşğələlərin sistemli şəkildə təşkil olunub keçirilməsinin əhəmiyyətindən xəbər verir.