Naxçıvan Qarnizonu qoşunlarında növbəti snayper hazırlığı kursu başa çatıb.
Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə və real döyüş əməliyyatlarına yaxın şəraitdə keçirilən məşğələlərdə ən çətin döyüş tapşırıqları uğurla yerinə yetirilib.
Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun təlimatçı qismində iştirak etdiyi snayper hazırlığı kursunda şəxsi heyətə çətin relyef və iqlim şəraitində fəaliyyət göstərmək üçün dözümlü, təmkinli və yüksək fiziki hazırlığa malik olmaq kimi xüsusiyyətlər aşılanıb.
Kurs zamanı gecə və gündüz şəraitində snayper tüfənglərindən müxtəlif məsafələrdə yerləşən hədəflərə atışlar icra edilib. Məşğələlərdə hər iki qardaş ölkənin hərbi qulluqçularının vətənpərvərlik hissləri və peşəkarlıq nümayiş etdirməsi hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunun əyani göstəricisi kimi dəyərləndirilib.
Kursu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar və döş nişanları təqdim edilib.