Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən birləşmələrdə komanda-qərargah təlimi keçirilib.
Təlimin birinci mərhələsində qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün birləşmə və hissələr "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb. Ərazidə qərargahlar tərəfindən müdafiə və hücum əməliyyatlarının planlaşdırılması hərbi qərar qəbuletmə prosedurlarına uyğun olaraq keçirilib.
Praktiki fəaliyyətlərə cəlb edilmiş tabor taktiki qrupunun bölmələri şərti düşmənin həmləsini dəf edərək onun canlı qüvvəsinə, zirehli texnikasına atəş zərbələri endirməklə hücum edən bölmələr üçün əlverişli şərait yaradıblar.
Təliminin sonuncu mərhələsi qəbul edilmiş qərarların, aparılmış hesabatların reallığının, bölmə komandirləri tərəfindən fəaliyyətlərin Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması ilə keçirilib. Kompüterlər vasitəsilə bölmə komandirləri ərazinin relyefindən istifadə etməklə düşmənə yaxınlaşma, manevr bölmələrinin atəş təminatı və yaranmış taktiki şəraitdə çevik qərar qəbuletmə bacarıqlarını təkmilləşdiriblər.
Təlimin sonunda fəaliyyətlərin təhlili aparılıb, çatışmazlıqlar qeyd olunub və qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanıb.