“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən keçirilən komanda-qərargah təlimi başa çatıb.
Təlimə ümumqoşun birləşmə və hissələrinin qərargahları ilə birgə gücləndirmə vasitə və qüvvələrinin əməliyyat qrupları da cəlb edilib.
Təlimdə qərargahlar tərəfindən yeni döyüş təlimatlarının müddəalarının tələblərinə uyğun hesablamalar aparılaraq, qəbul olunan qərarlara əsasən prakitiki fəaliyyətlərə cəlb edilən qüvvələrin fəaliyyətləri qiymətləndirilib.
Qoşunların cəmləşmə rayonlarında, atəş və start mövqelərində yerləşməsi, eləcə də döyüş fəaliyyətlərinin gedişi zamanı aviasiya və raket-artilleriya zərbələrinin endirilməsi üçün müvafiq bölmələrin çağrılması və ümumqoşun birləşmələri ilə qarşılıqlı fəaliyyəti praktiki olaraq məşq etdirilib.
Ümumqoşun, raket-artilleriya, hava hücumundan müdafiə və digər qoşun növü bölmələrinin məhdudgörmə şəraitində yerdəyişməsi həyata keçirilib, bir istiqamətdən digərinə hərəkət zamanı manevretmə qabiliyyətləri və aparılan hesabatların reallığı yoxlanılıb.
Komanda-qərargah təliminin sonuncu mərhələsində Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində hər iki tərəfin fəaliyyəti, qərarların və apardıqları hesablamaların reallığı kompüterlər üzərində keçirilən təlimdə qiymətləndirilib.
Təlimin sonunda icra edilmiş fəaliyyətlərin təhlili aparılan zaman qarşıya qoyulmuş məqsədlərə nail olunduğu bildirilib, təlimə cəlb olunan birləşmə və hissələrin komandir və qərargahlarının fəaliyyətləri qiymətləndirilərək, aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində tapşırıqlar verilib.