Naxçıvan qarnizonu qoşunlarında iyul ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Əlahiddə Ümumqoşun Orduda keçirilən andiçmə mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
Tədbirdə çıxış edənlər gənc əsgərləri hərbi andı qəbul etmələri münasibətilə təbrik ediblər.
Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Elman Orucov Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb. Bildirilib ki, intizamlı vətən müdafiəçisi olmaq üçün hər bir əsgər üzərinə düşən vəzifələri şüurla yerinə yetirməli, silah və texnikanın sirlərinə dərindən yiyələnməli, fiziki və mənəvi-psixoloji cəhətdən hazırlıqlı olmalı, komandirləri tərəfindən öyrədilənləri dərindən mənimsəməlidir.
Təbrik oxunduqdan sonra şəxsi heyətin təntənəli keçidi olub.
Hərbi hissələrdə şəxsi heyətin məişət şəraiti ilə tanış olan əsgər valideynləri yaradılan şəraitə görə dövlətimizə minnətdarlıqlarını bildirib və övladlarının hərbi andı qəbul etmələrindən qürur hissi keçirdiklərini ifadə ediblər.