Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan Qarnizonu qoşunlarında 2018-ci tədris ilində döyüş və döyüşə hazırlığın, maddi-texniki təminatın və hərbi intizamın vəziyyətinə dair yekun müşavirə keçirilib.
Naxçıvan Qarnizonunun rəisi general-leytenant Kərəm Mustafayev müşavirənin planını, iştirak edən rəsmi qonaqların və şəxsi heyətin tərkibini elan etdikdən sonra muxtar respublikamızda ordu quruculuğundan bəhs edən “Ordumuz qürurumuzdur” adlı film nümayiş etdirilib.
Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev 2018-ci tədris ilində qoşunlarda döyüş hazırlığının, döyüş və döyüşə hazırolmanın, maddi-texniki təminatın və hərbi intizamın vəziyyətini təhlil edərək məruzə edib. Bildirilib ki, təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu sırasına yüksəlib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun yüksək diqqət və qayğısı sayəsində uzun illər müxtəlif mərhələlərdən keçərək formalaşmış Əlahiddə Ümumqoşun Ordu bu gün yerləşdiyi coğrafi mövqeyə, kontingentinə və döyüş qabiliyyətinə görə keçmiş SSRİ və indiki MDB ölkələrinin silahlı qüvvələri səviyyəsində analoqu olmayan statusa malikdir.
Yola saldığımız 2018-ci ildə “İslam Mədəniyyətinin Paytaxtı” kimi şərəfli adı uğurla daşıyan Naxçıvan bir sıra əlamətdar tədbirlərə ev sahibliyi edib. Ötən il də, bu qədim diyarın müdafiə qabiliyyətinin yüksəldilməsi baxımından yaddaqalan olub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ötən il mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun 60 çarpayılıq yeni hərbi xəstəxanasının açılışında iştirak etməsi, silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə, “N” hərbi hissəsində və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Milli Qəhrəman Əmiraslan Əliyev adına Qaraçuq Sərhəd Dəstəsində yaradılan şəraitlə tanış olması dövlət qayğısını hər zaman üzərlərində hiss edən hərbi qulluqçularımızda böyük ruh yüksəkliyi yaradıb.
Azərbaycan Xalq Cümhuriyyətinin və Ordusunun 100 illik yubileyini qeyd etdiyimiz 2018-ci ilin ən əlamətdar hadisələrindən biri də Əlahiddə Ümumqoşun Ordunun tariximizə qızıl hərflərlə yazdığı Günnüt zəfəri oldu. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında da qeyd olunduğu kimi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu 1992-ci ildə işğal edilmiş Günnüt kəndi və ətraf əraziləri, ümumilikdə 11 min hektar torpaq sahəsinə nəzarəti qaytarmış, ön xətdə və dayaq məntəqələrində etibarlı müdafiə sistemi yaradılmışdır.
General-leytenant Kərəm Mustafayev bildirib ki, qazanılan nailiyyətlərin əsasında ilk növbədə vətənpərvərlik hissləri dayanır. Ötən il oktyabrın 30-da keçirilən Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimi bu fikri bir daha təsdiq edib.
Ötən il ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün tikilmiş yeni xidməti və yaşayış kompleksinin, yeni avtomobil parkının, Babək rayonunun Gərməçataq və Buzqov kəndlərində əsgəri-məişət komplekslərinin açılışında iştirak etmiş, yeni istirahət parkı və Açıq Səma Altında “Naxçıvan Döyüş Şöhrəti Muzeyi” ilə tanış olmuş, Ordumuz tərəfindən nəzarət altına götürülərək etibarlı müdafiə sistemi qurulan Günnüt kəndindəki hərbi hissədə şəxsi heyətlə görüşmüş, yeni mövqelərdə xidmətin təşkili ilə maraqlanmış, “Günnüt əməliyyatı”nda iştirak edən əsgər və zabitlərə hədiyyələr təqdim etmişdir.
Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev vurğulayıb ki, ümumilikdə ötən il ərzində keçirilən tədbirlər şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə olduğunu təsdiq edib. Qarnizonun “Bir nəfər hamı, hamı bir nəfər üçün” şüarı əməldə özünü göstərib.
Məruzə ətrafında müzakirələr zamanı Naxçıvan Muxtar Respublikası hərbi prokurorunun müavini, ədliyyə polkovnik-leytenantı Rəşad İsmayılovun, Hərbi Məhkəmənin sədri Polad Həsənovun, Dövlət Təhlükəsizliyi Xidmətinin İdarə rəisi, polkovnik-leytenant Ramin Əhmədovun, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Niyaməddin Tağıyevin, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin müavini, general-mayor Hikmət Kərimovun, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandiri, polkovnik Səlim Niftəliyevin 2018-ci tədris ilində görülmüş işlər və 2019-cu tədris ilində qarşıda duran vəzifələrlə bağlı məruzə və təklifləri dinlənilib. Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini-qərargah rəisi, general-mayor Fazil Ağalarov “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı” haqqında ətraflı məlumat verib.
Müşavirəyə Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev yekun vuraraq 2019-cu tədris ilində döyüş və ictimai-siyasi hazırlıq üzrə fəaliyyət istiqaməti, qarşıda duran məqsəd və vəzifələrə dair Ali Məclis Sədrinin tapşırıqlarını diqqətə çatdırıb. Bildirilib ki, yeni tədris ilində də Naxçıvan Qarnizonu qoşunları qarşıda duran bütün tapşırıqları layiqincə yerinə yetirəcək, Muxtar Respublika Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən təsdiq edilən “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na uyğun olaraq döyüş qabiliyyətini yüksəldəcəkdir. Naxçıvanın müdafiə və mühafizəsi daha da təkmilləşdiriləcək, muxtar respublikanın təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı bir təhdidin qarşısı qətiyyətlə alınacaqdır.
Sonda döyüş və ictimai-siyasi hazırlıqda yüksək nəticələr əldə etmiş bir qrup hərbi qulluqçuya “Şücaətə görə” medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medalları, qiymətli hədiyyə və “Fəxri Fərman” təqdim olunub.