Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Sentyabr 2019 11:57

Naxçıvan Muxtar Respublikasında hərbi rəhbərlərlə növbəti təlim toplantısı keçirilib - VİDEO

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən hərbi rəhbərlərlə növbəti təlim toplantısı keçirilib. Toplantı zamanı hərbi rəhbərlərin sıra hazırlığı yoxlanılıb, kütləvi qırğın silahlarından mühafizə vasitələrinin istifadəsi və müxtəlif təyinatlı silahların natamam sökülüb yığılması üzrə normativlər yerinə yetirilib, tibbi və fiziki hazırlıqdan məşğələlər keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən dərslərdə bildirilib ki, şagirdlərdə hərb sənətinə maraq yaratmaq, gəncləri hərbi xidmətə hazırlamaq üçün muxtar respublikanın bütün tam orta məktəblərində şərait yaradılıb.
Buna görə də hərbi rəhbərlər şagirdlərin ən azı gənc əsgər səviyyəsində yetişdirilməsinə xüsusi diqqət yetirməlidirlər. Nəzəri dərslərdən sonra hərbi-vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib.
Təlim mərkəzində müxtəlif silahların təyinatı, taktiki-texniki xüsusiyyətləri ilə tanış olan hərbi rəhbərlər praktiki atışlara cəlb ediliblər. Sonra psixoloji zolağın dəf edilməsi praktiki olaraq toplantı iştirakçılarına göstərilib.
Əlahiddə Ümumqoşun Ordunun, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən 3 günlük təlim toplantısına Təlim-Tədris Mərkəzində yekun vurulub.
Yekun tədbirində toplantının nəticələri, hərbi rəhbərlərin bilik və bacarıq səviyyələri müzakirə edilib. Tədbirdə çıxış edənlər hərbi rəhbərlərin peşəkarlıqlarının artırılmasının bundan sonra da diqqət mərkəzində saxlanılacağını bildiriblər.
Sonda hərbi rəhbərləri maraqlandıran suallar cavablandırılıb.