2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində keçirilən genişmiqyaslı hərbi təlimləri yekunlaşıb.
Qeyd edək ki, təlimlərə Əlahiddə Ümumqoşun Ordusunun tərkibindəki hissə və bölmələrin 20.000 (iyirmi minə) yaxın şəxsi heyəti, 400-dən çox zirehli texnikası, aviasiya, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunlarının qüvvə və vasitələri, o cümlədən, xüsusi təyinatlı qüvvələr cəlb olunmuşdur.
Təlimlər zamanı tank, piyadaların döyüş maşınları, raket, artilleriya, minaatan qurğulardan və atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilib, xüsusi təyinatlı bölmələr isə birbaşa təyinatları üzrə qarşıya qoyulmuş tapşırıqları praktiki olaraq yerinə yetiriblər.
Təlimləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Müdafiə məsələləri üzrə Prezidentin köməkçisi general-leytenant Vahid Əliyev müşahidə edib.