Türkiyə Cümhuriyyətinin milli müdafiə naziri İsmət Yılmaz və Gürcüstan Respublikasının müdafiə naziri İrakli Alasaniya Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişlər.
Avqustun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Cümhuriyyətinin milli müdafiə naziri İsmət Yılmaz və Gürcüstan Respublikasının müdafiə naziri İrakli Alasaniya ilə görüşmüşdür.
Qonaqları salamlayan Ali Məclisin Sədri onları Naxçıvanda görməkdən məmnunluğunu bildirmiş, son illər muxtar respublikanın bir sıra beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etdiyini və bunun uğurlu nəticələri olduğunu diqqətə çatdırmışdır. Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə və Gürcüstan arasında təhsil, səhiyyə, iqtisadiyyat və nəqliyyat sahələrində uğurlu əməkdaşlığın mövcud olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, strateji maraqlara uyğun olaraq hər üç ölkənin həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli əsasda əlaqələrinin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Naxçıvanın blokadada yaşadığını və düşmən dövlətlə sərhəddə yerləşdiyini bildirən Ali Məclisin Sədri bütün bunlara baxmayaraq muxtar respublikada sosial-iqtisadi inkişafın davamlı xarakter aldığını qeyd etmişdir. Bildirilmişdir ki, bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsi istiqamətində də mühüm işlər görülür, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissə və birləşmələrinin döyüş qabiliyyəti gücləndirilir, Heydər Əliyev adına Hərbi Liseydə ordumuz üçün ixtisaslı kadrlar hazırlanır.
Ali Məclisin Sədri Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Naxçıvan görüşünün faydalı olacağına əminliyini bildirmiş, təşkilatçılara təşəkkür etmişdir.
Görüşdə iştirak edən Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov hər üç ölkə arasında siyasi və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırmış, Naxçıvan görüşünün hərbi sahədə əməkdaşlıq üçün yeni imkanlar açacağına əminliyini ifadə etmişdir.
Türkiyə Cümhuriyyətinin milli müdafiə naziri İsmət Yılmaz qədim tarixə malik Naxçıvan şəhərində olmağından məmnunluğunu ifadə etmiş, göstərilən qonaqpərvərliyə görə təşəkkür etmişdir. İsmət Yılmaz Türkiyə və Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin qurulmasında beynəlxalq Moskva və Qars müqavilələrinin əhəmiyyətini vurğulamış, son illər həyata keçirilən qarşılıqlı rəsmi səfərlərin siyasi, iqtisadi, təhsil və digər sahələrdə münasibətlərin inkişafına töhfə verdiyini bildirmişdir. İsmət Yılmaz ölkəsinin dost və qardaş Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini diqqətə çatdırmış, hərbi əməkdaşlıq sahəsində qarşılıqlı səylərin göstərildiyini qeyd etmişdir.
Gürcüstan Respublikasının müdafiə naziri İrakli Alasaniya demişdir ki, müdafiə nazirlərinin Naxçıvanda keçirilən görüşü hər üç ölkə arasındakı əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunmuşdur ki, bu gün Gürcüstan, Azərbaycan və Türkiyə arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu münasibətlərin davam etdirilməsində və regionda sülhə nail olunmasında hərbi sahədə əməkdaşlığın mühüm rolu vardır.
Söhbət zamanı hər üç ölkə arasındakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşün sonunda Türkiyə Cümhuriyyətinin milli müdafiə naziri İsmət Yılmaz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova xatirə hədiyyəsi təqdim etmişdir.
Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun, Azərbaycandakı hərbi attaşesi Hasan Nevzat Taşdeler, Naxçıvandakı baş konsulu Əli Rza Akıncı, Gürcüstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinin müavini İrakli Svanidze, Azərbaycandakı hərbi attaşesi Şalva Turaşvili görüşdə iştirak etmişlər.
* * *
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun adında Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin şərəfinə rəsmi ziyafət verilmişdir.