Dekabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Hərbi Hospitalına gəlib. Ali Məclisin Sədri hərbi qulluqçuların səhhəti, müalicəsi, dərman təchizatı və qidalanması ilə maraqlanıb.
Məlumat verilib ki, muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlər nəticəsində şəxsi heyətin xidmət və məişət şəraiti xeyli yaxşılaşıb. Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrində şəxsi heyət mütəmadi olaraq tibbi müayinədən keçirilir, xəstəliklərin qarşısı vaxtında alınır. Həmçinin birləşmə və bölmələrdə yerli şəraitə uyğun rejim qaydalarının tətbiq edilməsi əsgərlər arasında xəstəliklərin azalmasına səbəb olub. Hazırda hərbi hospitalda lazımi dərman vasitələri və tibbi ləvazimatlarla təminat müayinə və müalicənin effektiv təşkilinə imkan verir.
Ali Məclisin Sədri hospitalın ayrı-ayrı bölmələrində müalicə olunan hərbi qulluqçuların bayramlarını təbrik edib, onlara tezliklə sağalıb xidmət yerlərinə qayıtmalarını arzulayıb.
Hospitalda müalicə alan əsgərlərə və tibb heyətinə bayram hədiyyələri paylanıb, gətirilən ərzaq məhsulları mətbəxə təhvil verilib.
Sonra Ali Məclisin Sədri Hərbi Hospitalın səyyar tibbi yardım və rentgen flüoqrafiya avtomobillərinə baxıb.
Bildirilib ki, müasir rentgen, USM və kardioqrafiya avadanlıqları ilə təmin olunan səyyar flüoqrafiya maşınları yüksək texniki göstəricilərə malikdir. Bu da birləşmə və bölmələrdə şəxsi heyətin vaxtlı-vaxtında tibbi müayinədən keçirilməsinə imkan verəcək.
Ali Məclisin Sədri Naxçıvan Hərbi Hospitalının həkimləri tərəfindən mütəmadi olaraq Əlahiddə Ümumqoşun Ordusunun birləşmə və bölmələrində müayinələrin aparılması, gigiyenik qaydalara əməl olunması, infeksion xəstəliklərin qarşısının vaxtında alınması və profilaktik tədbirlərin gücləndirilməsi barədə tapşırıqlar verib.