Mərasimdə Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev, Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının rəisi, tibb xidməti polkovniki Niyaməddin Seyidov çıxış edərək bildiriblər ki, 1999-cu ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində 2021-2022-ci tədris ilindən “Hərbi həkim” ixtisasında təhsil alan tələbələrin təhsili üçün lazımi şərait yaradılıb və bu da muxtar respublikada ali təhsilli hərbi tibbi kadrların hazırlığı istiqamətində atılan mühüm addımdır. Naxçıvan Muxtar Respublikasında yerləşən birləşmə və hissələrin hərbi həkim heyəti ilə təmin edilməsində yeni yaradılan ixtisasın böyük əhəmiyyəti vardır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında”, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinə uyğun olaraq Naxçıvan Dövlət Universitetinin “Hərbi həkim” ixtisası Əlahiddə Ümumqoşun Ordunun hamiliyinə verilib. Yüksək ixtisaslı kadr hazırlığını təmin etmək məqsədilə Əlahiddə Ümumqoşun Ordunun hamiliyinə verilmiş “Hərbi həkim” ixtisasında təhsil alan tələbələr üçün yeni geyim dəstləri və nəqliyyat vasitəsi ayrılıb. Tələbələr Naxçıvan Qarnizonu Mərkəzi Hospitalında və səhra şəraitində açılmış səyyar tibb məntəqələrində praktiki məşğələlərə cəlb edilən zaman onlar üçün ayrılmış mikroavtobusdan istifadə edirlər. “Hərbi həkim” ixtisasının qazandırdığı üstünlüklərdən biri də tələbələrin Naxçıvan Qarnizonu Mərkəzi Hospitalında və digər hərbi tibb müəssisələrində praktiki olaraq biliklərini artırmaq və məzun olduqdan sonra işlə təmin olunmaq imkanı əldə etmələridir.
Tədbirdə maarifləndirici və tanıtım videoçarxları nümayiş olunub.
İncəsənət fakültəsi əməkdaşlarının konsert proqramı ilə çıxışlarından sonar tələbələrə həkim xalatı geydirilib və hərbi formalar təqdim olunub.
Tədbirin sonunda qonaqlar Tibb fakültəsində yüksək maddi-texniki baza ilə zəngin Anatomiya, Mulyaj-simulyasiya, Fitoterapiya, Stomatoloji, Əczaçılıq simulyasiya kabinələrində, Patologiya, Əczaçılıq, Kimya, Stomatoloji texniki, Mikrobiologiya laboratoriyalarında olub və tələbələrin təcrübi dərslərinin keçirilməsində mühüm əhəmiyyət daşıyan, müasir standartlara cavab verən avadanlıqlara baxıblar.