Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi "Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü” davam edir.
Təlim qərargahına gələn qonaqlar birgə taktiki təlimin ssenarisi və icra edilən fəaliyyətlər barədə məruzələri dinləyiblər.
Məruzə olunub ki, Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən Azərbaycan-Türkiyə birgə taktiki təliminə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.
Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili və şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edilir.
Əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.
Təlimdə qarşıya qoyulan bütün tapşırıqlar hərbi qulluqçular tərəfindən yüksək peşəkarlıqla icra olunur.
Sonra taktiki və əsas komanda məntəqələrinə gələn qonaqlar burada birgə taktiki təlimin gedişatında müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsini izləyiblər.
Birgə təlimdə hər iki qardaş ölkənin hərbi qulluqçularının fəaliyyəti yüksək qiymətləndirilib.