Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 May 2018 19:46

Murovdağ döyüşçüləri Ulu Öndərin Ad gününü Zirvədə qeyd ediblər

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyi Murovdağın zirvəsində də təntənəli surətdə qeyd edilib.1994-cü ilin yanvar ayında Ulu Öndərin xeyir-duası ilə cəbhəyə yola salınmış hərbi hissənin ön səngərdə döyüş növbəsi çəkən hərbi qulluqçuları müasir Azərbaycan Ordusunun memarını ehtiramla yad ediblər.
Hərbi hissənin ilk döyüşçülərindən olan Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani Heydər Əliyevlə bağlı xatirələrini danışıb, hərbi hissənin keçdiyi döyüş yolu barədə ətraflı məlumat verib.
A.Qurbani bildirib ki, 95 illik yubileyi nəinki ölkəmizdə, eləcə də, Vətənimizin hüdudlarından uzaqlarda silsilə tədbirlərlə qeyd edilən Ulu Öndərimiz elə böyük şəxsiyyət, elə bir görkəmli dövlət xadimi, siyasi rəhbər, qüdrətli sərkərdədir ki, yüz illər, min illər ötsə belə yenə də qədirbilən xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
“Heydər Əliyev Vətənə, xalqa, dövlətə necə sədaqətlə xidmət etməyin simvoludur və nə qədər ki, Azərbaycan var, Azərbaycan xalqı var o böyük dahi xatırlanacaqdır. Respublikamızın 30 ildən çox bir dövrünün inkişafı onun adı ilə bağlıdır. Heydər Əliyev ideyaları yaşayır, Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Müasir Azərbaycanımızın sükanı bu gün etibarlı əldədir və xalqımız Ümummilli Liderimizin özü qədər inandığı gələcəyinə böyük ümidlər bəslədiyi möhtərəm prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında daha parlaq gələcəyə doğru inamla irəliləyir”, - deyə A.Qurbani qeyd edib.
Bildirilib ki, 1993-cü ilin sonu və 1994-cü ilin əvvəllərində həyata keçirilən uğurlu “Horadiz əməliyyatı”ndan sonra Ulu Öndər yeni formalaşan hərbi hissəni yola salmaq üçün şəxsən Bakıətrafı rayonlardan birinə gələrək şəxsi heyətlə görüşüb, onların qarşısında geniş nitq söyləyib və xeyir-dua verərək Vətən əsgərlərini cəbhəyə yola salıb. Hərbi hissənin döyüşçüləri Füzuli, Cəbrayıl rayonları uğrunda döyüşlərdə və Murovdağda qəhrəmanlıq nümunələri, dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında isə əsl vətənpərvərlik nümayiş etdiriblər.
Hərbi hissənin şəxsi heyəti əbədiyaşar Ali Baş Komandanımızın 24 il öncə dediyi sözləri bu gün də unutmurlar: “Bilin ki, hər biriniz doğma Vətənimizi, öz ananızı, atanızı, bacınızı, qardaşınızı müdafiə etmək üçün ordu sıralarına gəlmisiniz. Bilin ki, sizin arxanızda böyük Azərbaycan xalqı, Azərbaycan dövləti durub. Bilin ki, ümumi qələbəmiz sizin hər birinizin qəhrəmanlığından asılıdır. Hər birinizə uğular arzulayıram!”.
Həqiqətən də Ulu Öndərin xeyir-duası ilə cəbhəyə yola salınan hərbi hissənin şəxsi heyəti ümidləri doğrultdu. Neçə-neçə döyüşçü göstərdiyi igidlik və şücaətə görə “Azərbaycan Milli Qəhrəmanı” fəxri adına, döyüş orden və medallarına layiq görüldü.
Hərbi hissənin zabiti polkovnik-leytenant Rasim Manafov Heydər Əliyevin Azərbaycanın ordu quruculuğundakı müstəsna xidmətlərindən bəhs edərək vurğulayıb ki, respublikamızda mütəşəkkil ordunu yaratmaq Ulu Öndərimizin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərdəndir. Ötən əsrin 70-ci illərində, totalitar sovet rejiminin sərt məngənəsində Heydər Əliyev uzaqgörənliklə gələcəkdə Azərbaycanın müstəqilliyini bərpa edəcəyini düşünərək indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaradıb. Həmin liseyin yetirmələri olmasaydı bugünkü qüdrətli ordumuz haqqında danışmaq da əsla mümkün deyildi. İndi bütün qoşun növlərində xalqımızın haqlı olaraq “Heydər Əliyev məktəbi” adlandırdığı bu tədris ocağının yetirmələri yüzlərlə, minlərlədir.
Naxçıvandaki Heydər Əliyev adına Hərbi Liseyin ilk buraxılışının məzunu olan mayor Şahnəzər Bağırov hələ kursant olarkən Ulu Öndərlə görüşdüyünü, o böyük sərkərdədən xeyir-dua aldığını xatırlayıb və bundan sonra da Heydər Əliyev idelarına sadiq qalaraq tabeliyində olan şəxsi heyətlə birlikdə qarşıya qoyulmuş bütün əmr və göstərişləri layiqincə yerinə yetirəcəklərinə söz verib.
Vaxtilə Milli Qvardiyada əsgər olmuş və bu gün Murovdağda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edən baş çavuş Zaur Həbilov Azərbaycanın Milli Qəhrəmanı mayor Əfqan Hüseynovun abidəsinin açılışı mərasimində iştirak etdiyi zaman Heydər Əliyevin nitqini dinlədiyini həyatının unudulmaz xatirəsi kimi yada salıb.
Ata-baba yurdları düşmən tapdağında olan ağdamlı və laçınlı əsgərlər Rəşad Qasımov və Hikmət Salmanov, eləcə də çıxış edən hərbi qulluqçular Əflatun Məsimov və Pərviz Məmmədov aprel zəfərini təkrarlamaq, Ulu Öndərin ruhunu şad etmək üçün döyüşə hazır olduqlarını bildiriblər.
Sonda Heydər Əliyev haqqında şeirlər söylənib, ulu öndərin qələbəyə çağıran kəlamları səsləndirilib.