Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 İyul 2021 14:16

Müqəddəs Qurban Bayramı münasibətilə şəhid ailələri üçün bayram konserti təşkil olunub

Ölkəmizdə son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğı yüksək səviyyədədir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq göstərişlərinə əsasən aidiyyəti dövlət qurumları bu kateqoriyadan olan insanların qayğıları ilə mütəmadi olaraq yaxından maraqlanırlar.
Dövlətimiz tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə göstərilən qayğı onlara böyük sevinc hissi bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyaraq şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir.
İyulun 21-də Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə İş Üzrə Şöbəsinin təşkilatçılığı ilə Müqəddəs Qurban Bayramı münasibətilə bayram konserti təşkil olunub. Tədbirdə 50-dən çox şəhid ailəsi, Müdafiə Nazirliyinin nümayəndələri, incəsənət nümayəndələri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu ehtiramla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri açıq elan edən Şəxsi Heyət Baş İdarəsinim Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə İş Üzrə Şöbənin rəisi Zümrüd Səmədova tədbir iştirakçılarını başda Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsən öz adından salamlayaraq, Allahdan şəhdilərimizə rəhmət, ailə üzvlərinə səbir diləyib, Qurban Bayramı münasibəti ilə təbrik edib.
Zümrüd Səmədova bildirib ki, 44 günlük Vətən Müharibəsində ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına şəhid olanların əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Öz canları, qanları ilə qəhrəmanlıq dastanı yazan, xalqımıza tarixi zəfər sevincini yaşadan oğullarımızın həyatı və şərəfli döyüş yolu gəncliyimizə örnəkdir. Onları daim yad etmək, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim vətəndaşlıq və mənəviyyat borcumuzdur.
Çıxış edən şəhid ailə üzvləri dövlətimiz və Müdafiə Nazirliyi tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirərək, tədbirin təşkilatçılarına dərin minnətdarlıqlarını bildiriblər.
Sonra şəhid övladlarına bayram hədiyyələri və sovqatları təqdim olunub. Tədbir Azərbaycan Respublikasının Xalq Artisti Aygün Kazımovanın ifası ilə davam edib.