Müdafiə nazirinin təsdiq etdiyi 2020-cil üçün döyüş hazırlığı planına uyğun olaraq Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi və döyüş hazırlığı üzrə məşğələlər keçirilir.
Plana əsasən, həyəcan siqnalı ilə qaldırılaraq döyüşə hazır vəziyyətə gətirilən bölmələr mürəkkəb əməliyyat şəraitində döyüş əməliyyatlarının mühəndis təminatı üzrə tapşırıqları yerinə yetirirlər.
Məşğələlərdə əsas məqsəd komandirlərin bölmələri idarəetmə bacarıqlarının praktiki yoxlanılması, onların döyüş, vəziyyəti qiymətləndirmə və yaranmış şəraitə uyğun əsaslandırılmış qərar qəbuletmə vərdişlərinin daha da təkmilləşdirilməsidir.
Praktiki məşğələlərə cəlb edilən bölmələrin şəxsi heyəti mühəndis qoşunlarında silahlanmaya qəbul edilmiş müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadəsi üzrə bacarıqlarını təkmilləşdirirlər.
Məşğələlər zamanı əsas diqqət tank körpüquranları, maneələğvetmə texnikası, partlamayan maneələr və mühəndis döyüş sursatlarından tətbiq edilməsinə yönəlib. Mühəndis yol bölmələri tərəfindən ponton-körpü salmaqla su maneələrinin keçilməsi, mina sahələrində müxtəlif üsullarla keçidlərin açılması, məftil maneələrin dəf edilməsi və digər tapşırıqlar da praktiki icra edilir.