Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təltif edilmiş birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan kiçik çavuş Elçin Əjdər oğlu Vəliyevə “Hərbi xidmətlərə görə” medalı təqdim olunub.
Müdafiə Nazirliyi rəsmilərinin, Ağcabədi rayon İcra Hakimiyyəti rəhbərliyinin, qeyri-hökumət təşkilatları və hərbi hissənin nümayəndələrinin, eləcə də müharibə veteranlarının, gənclərin, məktəblilərin iştirak etdikləri tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib.
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ölkəmizin müstəqilliyi tarixindən, bu müstəqilliyin əbədi, sarsılmaz və dönməz olmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin daha da möhkəmləndirilməsindən, ordu quruculuğunda qazanılmış nailiyyətlərdən bəhs edib.
Qeyd olunub ki, ölkəmizin iqtisadi yüksəlişi, vətəndaşların firavan yaşaması üçün uğurlu dövlət siyasəti aparılır. “Sözün həqiqi mənasında, Azərbaycan müstəqillik yollarında inamla irəliləyir. Azərbaycan Ordusu bu gün dünyanın güclü orduları sırasında yer alıb. Hərbi qulluqçuların sosial müdafiəsi istiqamətində mühüm irəliləyişlər var. Şəhid ailələrinə, müharibədə sağlamlığını itirən döyüşçülərə, həmçinin müharibə veteranlarına dövlət qayğısı yüksək səviyyədədir. Məhz bugünkü tədbir də ölkə rəhbərliyinin keçmiş döyüşçüyə diqqət və qayğısının bariz nümunəsidir”, – Ş.Məmmədov deyib.
Bütün bunlara görə ölkə rəhbərliyinə, şəxsən möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığını bildirən rayon icra hakimiyyətinin başçısı bir daha bəyan edib ki, bütün xalqımız kimi ağcabədililər də Qarabağ uğrunda mübarizədə Ali Baş Komandanın hər bir əmrinə müntəzirdir.
Müdafiə Nazirliyinin nümayəndəsi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Azərbaycan əsgərinin bu gün ölkə rəhbərliyi tərəfindən hər zaman yüksək qiymətləndirilməsindən, həyatını hərbi peşəyə həsr edənlərə xüsusi önəm verildiyindən geniş söhbət açıb. O, bildirib ki, uzun illər keçməsinə baxmayaraq bir qrup keçmiş döyüşçü prezidentin Sərəncamına əsasən döyüş orden və medalları ilə təltif olunublar. Onlardan biri də Ağcabədi rayonunun Hüsülü kəndindən olan müharibə veteranı kiçik çavuş Elçin Vəliyevdir.
Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, ehtiyatda olan kiçik çavuş E.Vəliyev 1992-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Yeni yaranmaqda olan Azərbaycan Ordusunun ilk döyüşçülərindəndir. Laçın, Qubadlı, Ağdərə, Tərtər uğrunda döyüşlərdə mahir topçu kimi tanınıb. Düşmənə texnika və canlı qüvvə sarıdan xeyli itki verib.
Ondan yaşca böyük olan qardaşları Mahir və Vüqar da birinci Qarabağ müharibəsinin iştirakçılarıdırlar. Onlar 1996-cı ilə qədər Azərbaycan Ordusunun sıralarında cəbhə bölgələrində xidmət ediblər və bu gün də Qarabağ uğrunda döyüşlərə hazırdırlar.
Polkovnik A.Qurbani deyib: “Azərbaycan Ordusunun hər bir hərbi qulluqçusunun xidmətləri dövlətimizin başçısının, həmçinin Müdafiə Nazirliyi rəhbərliyinin diqqət mərkəzindədir. Hər kəs layiq olduğu qiymətini alır. Vətənə, dövlətə sadəqətli xidmət heç vaxt mükafatsız qalmır. Dəliqanlı bir gənc ikən döyüşlərə atılan və 27 il öncə layiq görüldüyü medalı üç övladı ilə birlikdə almağa gələn E.Vəliyev üçün bəlkə də bu gün onun həyatının ən xoş anıdır. O, bir daha inandı ki, haqq-ədalət gec-tez öz yerini tutur. Odur ki, hər kəs öz işi ilə məşğul olmalı, Vətən uğrunda canından, qanından keçməyə hər an hazır olmalıdır. Vətən vətənpərvər övladlarının xatirəsini həmişə uca tutur, onları heç vaxt unutmur. Məhz elə bugünkü tədbir özü də bir örnəkdir, nümunədir.
Müharibə veteranına “Hərbi xidmətlərə görə” medalı təqdim olunduqdan sonra Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edən E.Vəliyev bildirib ki, mən və mənim silahdaşlarım döyüşlərə mükafat üçün deyil, Vətənimizi, ana-bacımızı, gələcəyimizi qorumaq, düşmən hücumlarının qarşısını almaq üçün getmişdik. Biz ölməkdən qorxmurduq, unudulmaqdan qorxurduq. İllər ötdükdən sonra şəhidlərimizin, onların ailə üzvlərinin, döyüşlərdə sağlamlığını itirənlərin və biz müharibə veteranlarının unudulmadıqlarının bir daha şahidi olduq. Belə bir ölkədə yaşamaq, işləmək həqiqətən böyük xoşbəxtlikdir.
Müharibə veteranı daha sonra əlavə edib ki, bu medalı mən bütün şəhidlərimizə, qazilərimizə möhtərəm Prezidentimizin göstərdiyi ehtiramın əlaməti olaraq qəbul edir və and içirəm ki, bundan sonra da nə qədər ömrüm var Vətənimə, dövlətimə sədaqətlə xidmət edəcəyəm.
Bölgənin müdafiəsində dayanan hərbi hissənin zabiti, polkovnik Elşad Əbilov, müharibə veteranının vaxtilə xidmət etdiyi hərbi hissənin zabiti polkovnik-leytenant Xəyyam Şükürov, leytenant Orxan Həsənov və başqaları E.Vəliyevi döyüş medalı alması münasibətilə təbrik edib və onu şəxsi heyətlə görüşə dəvət ediblər.
Məktəblilərin təqdim etdikləri “Azərbaycan Bayrağı” adlı ədəbi kompozisiya ilə tədbir başa çatıb.