Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Fevral 2016 09:00

Müdafiə Nazirliyinin yeni layihəsi olan "Qızıl ulduzlu qəhrəmanlarımız" silsiləsindən hərbi-vətənpərvərlik tədbirlərinə start verilib

Azərbaycanın Milli Qəhrəmanı şəhid Namiq Abdullayevin xatirəsinə həsr olunmuş ilk tədbir Ağcabədi rayonunda keçirilib.
Əvvəlcə Müdafiə Nazirliyinin rəsmiləri Beyləqan, Füzuli, Ağcabədi bölgələrində ön səngərdə xidmət edən hərbi qulluqçular, eləcə də rayon ictimaiyyətinin nümayəndələri və şəhidin doğulduğu Avşar kəndinin ağsaqqalları, ziyalılar, müharibə əlilləri, veteranlar, şəhid valideynləri kənd qəbiristanlığına gedərək 1993-cü il fevralın 9-da Xocavənd uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş N.Abdullayevin məzarını ziyarət edib, önünə əklil, tər qərənfillər düzüblər.
Ön səngərdən gələn əsgərlər Milli Qəhrəmanın məzarı önündə bundan sonra da Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcəklərinə and içiblər.
Sonra şəhidin ailəsi ilə görüş olub. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis etdiyi və Milli Qəhrəmanın ölümündən sonra təltif edildiyi "Fədai" medalı şəhidin ailəsinə təqdim olunub.
Əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə keçirilən anma mərasimi Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində davam edib.
Qeyd olunub ki, Müdafiə Nazirliyinin bu yeni layihəsinin Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda göstərdikləri şəxsi rəşadət və şücaətlərə görə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüş Vətən övladlarının xatirələrinin əziz tutulması və qəhrəmanlıqlarının təbliği işində böyük əhəmiyyət kəsb edəcək, gənc nəslin hərbi döyüş ənənələri ruhunda tərbiyə edilməsində mühüm rol oynayacaqdır.
Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının, tanınmış incəsənət xadimlərinin iştirakı ilə təqdim edilən ədəbi-musiqili rekviyem-kompozisiya tamaşaçılarda böyük maraq doğurub. Biri-birindən təsirli səhnələr, mahnılar, marşlar və vətənpərvərlik şeirləri xalq ilə ordunu birliyə, işğal altında olan Vətən torpaqlarını azad etmək üçün hər an Ali Baş Komandanın əmrlərinə hazır olmağa səsləyib. Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artist Sevinc Sarıyeva və başqalarının çıxışları alqışlarla qarşılanıb.
Sonda qəhrəmanın adını daşıyan Avşar kənd orta məktəbinin direktoru Kərim Ələkbərov və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva şəhid ailələrinə göstərilən diqqət və qayğıya, şəhid qəhrəmanların adlarının əbədiləşdirilməsi, xatirələrinin əziz tutulmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.