Fevralın 20-də saat 9:40 radələrində Müdafiə Nazirliyinin hərbi hissələrinin birində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş vermişdir. Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun rəhbər işçiləri daxil olmaqla bir qrup əməkdaş hadisə yerinə ezam olunmuşlar. Fakta görə Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılmışdır. Hadisənin baş vermə səbəbləri və şəraiti birgə istintaq əməliyyat qrupu tərəfindən aparılmaqla zəruri, təxirəsalınmaz istintaq hərəkətləri həyata keçiriləcəkdir.
Cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılması, hadisənin baş verməsində günahkar olan şəxslərin müəyyən edilib məhkəmə məsuliyyətinə verilməsi və qanunla nəzərdə tutulan başqa tədbirlərin görülməsi təmin olunmaqla ictimaiyyətə əlavə məlumat veriləcəkdir.