Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyun 2015 09:00

Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun bir qrup zabiti cəbhəyanı bölgələrdə yerləşən hərbi hissələrdə olublar

Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun 2015-ci ilə dair birgə tədbirlər planına əsasən bir qrup zabit birlikdə 26 iyun Silahlı Qüvvələr Günü ərəfəsində cəbhəyanı bölgələrdə yerləşən hərbi hissələrdə olublar.
Onlar birlik, birləşmə və hərbi hissələrdə müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular, o cümlədən bilavasitə ön xətdə yerləşən hərbi hissələrin şəxsi heyətilə görüşlər keçiriblər. Görüşlərdə şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, hərbi intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, ordu quruculuğuna mənfi təsir edə biləcək cinayət hadisələrinin təhlili və nəticələrindən asılı olaraq müvafiq tədbirlərin görülməsi, o cümlədən digər məsələlər barədə maarifləndirici söhbətlər aparılıb.
Ümummilli liderimiz Heydər Əliyevin Ordu quruculuğu sahəsində dövlət siyasətinin nəticəsi olaraq Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək möhkəmlənmiş, maddi-texniki bazası gücləndirilmiş və döyüş qabiliyyəti artırılmışdır.
Ümummilli liderimiz, Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Heydər Əliyevin siyası kursu bütün sahələrdə olduğu kimi, Ordu quruculuğu sahəsində də möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda iqtisadi inkişafın sürətlənməsi ölkəmizin təhlükəsizlik və müdafiə potensialının möhkəmlənməsinə bilavasitə təsir göstərmiş, Silahlı Qüvvələrdə modern islahatlar aparmağa imkan vermiş, ordunun maddi-texniki bazasının daha da möhkəmləndirilməsinə, eyni zamanda hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Əliyevin müntəzəm olaraq cəbhə bölgələrinə səfər edərək əsgər və zabitlərlə görüşlər keçirməsi, xidmətdə fərqlənən hərbi qulluqçulara Vətənin mükafatlarını təqdim etməsi Silahlı Qüvvələrimizin şəxsi heyətində böyük ruh yüksəkliyi yaradır, onları mətin mübarizəyə ruhlandırır.
Yaşayış məntəqələrindən uzaqda, xüsusilə düşmənlə təmas xəttində və çətin şəraitdə qulluq edən hərbi qulluqçuların vətənpərvərlik və döyüş ruhunu, əhval-ruhiyyəsini yüksəltmək, onların asudə vaxtlarının daha maraqlı keçirilməsini, cəmiyyət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunmalarını təmin etmək üçün əlavə tədbirlərin keçirilməsi olduqca zəruridir.
Bu məqsədlə hər il Respublika Hərbi Prokurorluğunun təşəbbüsü və təşkilatçılığı ilə Müdafiə Nazirliyi ilə birgə hərbi birləşmələrdə, xüsusilə düşmənlə üzbəüz mövqelərdə dislokasiya olunmuş hərbi hissələrdə hüquqi təbliğat və mədəni-kütləvi xarakterli tədbirlər həyata keçirilir. 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü ərəfəsində Respublika Hərbi Prokurorluğunun və Müdafiə Nazirliyinin birgə tədbirlər planına əsasən həmin qurumların məsul əməkdaşları cəbhəyanı bölgələrdə yerləşən hərbi hissələrdə olublar. Onlar əvvəlcə birlik, birləşmə və hərbi hissələrin ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada əsgərlərlə söhbətlər aparmış, onların xidməti və məişət şəraiti ilə yaxından maraqlanmışlar.
Hərbi hissələrdəki əsgər yataqxanaları və yeməkxana ilə də tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Respublika Hərbi Prokurorluğunun və Müdafiə Nazirliyinin məsul əməkdaşları əvvəlcə 26 iyun – Silahlı Qüvvələr günü münasibəti ilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və Respublika Hərbi Prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyevin hərbi qulluqçulara ünvanladıqları təbrik məktubları oxunmuş və ön cəbhədə, düşmənlə təmas xəttində xidmət edən əsgər və zabitlərimizin çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulanmışdır.
Daha sonra nümayəndə heyətlərinin üzvləri hərbi qulluqçular qarşısında çıxış edərək, ümummilli liderimiz Heydər Əliyevin gərgin əməyi və misilsiz xidmətləri nəticəsində Respublikamızın suverenliyi və ərazi bütövlüyünün düşmən təcavüzündən qorumaq iqtidarında olan, qarşısına qoyulan hər bir tapşırığı yüksək səviyyədə yerinə yetirən qüdrətli ordumuzun yaradılması və inkişaf etdirilməsi ilə müstəqil Azərbaycan dövlətinin dünyanın siyasi səhnəsində öz yerini tutmasına zəmin yaratmasını qeyd etmişlər. Ulu öndərin ideyalarını layiqincə yerinə yetirən möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən möhtəşəm sosial-iqtisadi islahatlar nəticəsində əldə olunmuş sürətli inkişaf, Ordumuzun maddi-texniki bazasının gücləndirilməsi, onun müasir silahlarla təchizatı, hərbi qulluqçuların sosial vəziyyətinin, maddi rifah halının və təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması xüsusilə vurğulanmışdır.
Hərbi prokurorluğun əməkdaşları öz çıxışlarında belə tədbirlərin keçirilməsi nəticəsində ötən illərlə müqayisədə Silahlı Qüvvələrdə qeydə alınmış cinayətlərin sayının əhəmiyyətli dərəcədə azalmasını xüsusi vurğulayaraq bu istiqamətdə vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə hərbi kollektivlərdə dostluq, qardaşlıq mühitinin forma¬laş¬dırılması, qarşılıqlı sağlam və işgüzar münasibətlərin nizamnamələr çərçivəsində qurulmasının vacibliyini vurğulayıblar. Tədbirlərdə hərbi xidmətdə olan əsgərlərin valideynləri də çıxış edərək hərbi qulluqçulara təbriklərini çatdırmış və yaradılan yaxşı şəraitə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Tədbirlər zamanı hərbi qulluqçuları nümunəvi xidmət etməyə həvəsləndirmək məqsədilə Hərbi Prokurorluğun əməkdaşları tərəfindən xidmətdə fərqlənən 96 hərbi qulluqçuya qol saatı hədiyyə edilib.
Bundan əlavə, hərbi qulluqçuların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə Respublika hərbi prokurorluğu tərəfindən hərbi hissələrə televizor, elektrik generatoru, kompyuter dəstləri və digər zəruri məişət əşyaları təqdim edilib.
Tədbirlər Rayon İcra Hakimiyyətlərinin təşkil etdikləri bayram konsertləri ilə yekunlaşıb. Görüşlər zamanı müxtəlif mövzularda təkliflər səsləndirilib və hərbi qulluqçuları maraqlandıran bir sıra suallar cavablandırılıb.