Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 İyun 2015 09:00

Müdafiə Nazirliyinin nümayəndələri Qırmızıbayraqlı Baltik donanması sualtı qayıq heyətlərinin xatirə abidəsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Müdafiə Nazirliyinin nümayəndələri Böyük Vətən müharibəsi illərində Baltik sularında həlak olmuş Qırmızıbayraqlı Baltik donanması sualtı qayıq heyətlərinin xatirə abidəsinin açılışına həsr olunmuş təntənəli mərasimdə iştirak edib.
Nümayəndələrimiz Leninqrad vilayəti Sosnovıy Bor rayon rəhbərliyi və ictimaiyyəti tərəfindən hörmətlə qarşılanıb. Sosnovıy Bor şəhər dairəsinin rəhbəri və şəhərin meri dəvətlərini məmnuniyyətlə qəbul edərək, rayonun tarixində əlamətdar hadisə olan bu mərasimə nümayəndələr göndərdiklərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə naziri general-polkovnik Zakir Həsənova minnətdarlıqlarını bildiriblər.
Ənənəvi “Xatirə və Hüzn günü” ərəfəsində “Vətən müdafiəçilərinə” memorial kompleksinə toplaşmış yüzlərlə yerli sakin və bir çox ölkələrdən gəlmiş qonaqlara əvvəlcə bu müqəddəs məkan haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, burada müharibə illərində Oranienbaum platstdarmının müdafiəsi zamanı həlak olmuş döyüşçülər dəfn edilmiş, sonra isə onların qalıqları digər qardaşlıq qəbiristanlıqlarına köçürülmüşdür. 1975-ci ildə Fin körfəzinin Qoqland, Nerva, Sommers, Böyük və Kiçik Tyüters adalarında həlak olmuş sovet dənizçilərinin qalıqları buraya gətirilərək yenidən dəfn edilmiş, Qırmızıbayraqlı Baltik donanmasının Böyük Vətən müharibəsində həlak olmuş 12 sualtı qayıq heyətinin adları yazılmış xatirə lövhələri bu ziyarətgahda yerləşdirilmişdir.
1995-ci ildə Qələbənin 50 illliyi ərəfəsində bu ərazi xeyli genişləndirilmiş, Naməlum əsgərin qəbri, “Əbədi məşəl”, müharibədən qayıtmayan yerli vətəndaşların adları yazılmış “Xatirə qayaları” da memorial kompleksə daxil edilmişdir. Bu il isə Rusiya Federasiyası sualtı dənizçilər hazırlayan Tədris Mərkəzi rəhbərliyinin və hərbi tarixçi İqor Qriqoryeviç Alepkonun təşəbbüsü ilə burada Dəniz Şöhrəti muzeyi yaradılmış və ekspozisiyada sualtı gəmilər tarixinə və müharibə illərində Baltik sularında həlak olmuş qəhrəmanların həyat və döyüş yoluna geniş yer ayrılmışdır.
Şəxsi heyətinin əksəriyyətini sualtı dənizçilər təşkil edən Baltik donanması Leninqradın müdafiəsində mühüm rol oynamışdır. Yüzlərlə insanın açılışına toplaşdığı yeni abidə 39 sualtı qayıq heyətinin xatirəsinə ucaldılmış və mərmər divarlar üzərindəki qranit lövhələrdə 1424 nəfər sualtı dənizçinin adları qızıl hərflərlə yazılmışdır. Onlardan yeddi nəfəri Azərbaycan Respublikasının vətəndaşıdır.
Sosnovıy Bor şəhər dairəsinin başçısı Dmitriy Vitalyeviç Pulyayevski çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamladıqdan sonra mərasimi açıq elan edib. Rusiyanın Dövlət Himni səsləndirilib.
Şəhər meri V.B.Sadovski, hərbi tarixçi İ.Q.Alepko, Rusiya Federasiyasının Dövlət mükafatı laureatı, şəhərin fəxri vətəndaşı Y.Q.Savçenko, Leninqrad vilayətinin vitse-qubernatoru N.P.Yemelyanov, Kirov vilayəti hökuməti sədrinin müavini A.A.Qalitskiy, Kareliya Respublikasından nazir müavini E.A.Şoroxov və neçə-neçə general, admiral, veteran çıxış edib.
Xarici ölkələrdən gəlmiş nümayəndələr adından çıxış edən Azərbaycan Respuplikası Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbaninin çıxışı hərarətlə qarşılanıb. O, deyib ki, Böyük Vətən müharibəsində həlak olan keçmiş Sovet İttifaqı vətəndaşlarının adları və qəhrəmanlıqları ölməzdir. Azərbaycan xalqı da onları heç vaxt unutmur və gənclərimiz atalarımızın, babalarımızın qəhrəmanlıq ənənələri ruhunda tərbiyələndirilir. Faşizm üzərində qələbənin qazanılmasında həm ön, həm də arxa cəbhədə Azərbaycan xalqının müstəsna xidmətləri vardır. Müharibənin ilk günündən minlərlə azərbaycanlı oğlan və qız cəbhəyə yollanmış, onlar bütün cəbhələrdə vuruşaraq Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmişlər. Döyüşə yollanmış 600 mindən çox azərbaycanlının yarıdan çoxu cəbhədən qayıtmamışdır. Leninqradın qəhrəman müdafiəçilərinin sıralarında da azərbaycanlılar kifayət qədərdir. Xalq şairi Məmməd Rahimin “Leninqrad göylərində” poemasının qəhrəmanı hücumçu-təyyarəçi Hüseynbala Əliyevin adını leninqradlılar bu gün də unutmurlar.
Polkovnik A.Qurbaninin dediyi “Torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda Vətən olar. Bu mənada, Rusiya torpağı da hər bir azərbaycanlı üçün Vətəndir. Çünki bu torpaq uğrunda bizim də ata-babalarımız canlarından keçmiş və onların qanları müqəddəs rus torpağına qarışmışdır” sözlər mərasim iştirakçıları və qonaqlar tərəfindən alqışlarla qarşılanıb. Daha sonra polkovnik A.Qurbani deyib ki, leninqradlılar kimi Azərbaycan xalqı da müharibənin, blokadanın, təcavüzün, işğalın nə demək olduğunu çox yaxşı bilir. Odur ki, bu möhtəşəm mərasimdə də biz sülhə səs verərək, dünyanı sülhə, barışa çağıraraq, hər cür müharibəyə, təcavüzə, işğala, terrora yox deyirik.
Admiral A.A.Komaritsın, Sankt-Peterburq Sosial Siyasət Komitəsi sədrinin müavini S.K.Qurov, Belarus respublikasından general-mayor İ.V.Lavrinenko, Yunanıstandan Konstantinos Gabaeridis, Hərbi-tarixi dəniz ekspedisiyasının sədri V.N.Pronorov və başqaları çıxış ediblər.
Abidənin rəmzi açılışını bildirən lent kəsilib və bir dəqiqəlik sükut elan edilib. Abidə qarşısına nümayəndələrimiz Azərbaycan Respublikasının adından əklil qoyublar. “Slavyanka marşı”nın sədaları altında hərbçilər abidə qarşısından keçərək ehtiramlarını bildiriblər.
Təntənəli mərasim bağlı elan edildikdən sonra hamı Varonka çayı sahillərinə yollanıb. Burada yüzlərlə hərbçinin və aktyorun iştirakı ilə Oranienbaum platstdarmı müdafiəsini əks etdirən səhnələr canlandırılıb. Xatirə abidələri, məzarlar ziyarət olunub.
Mərasimin sonunda Fin körfəzi sahilində təşkil edilən məclisdə rəhbərlik Azərbaycandan gəlmiş Müdafiə Nazirliyi nümayəndələrinin, eləcə də Sosnovıy Bor rayonunda yaşayan azərbaycanlıların möhtəşəm vətənpərvərlik tədbirində fəal iştirakını xüsusilə vurğulayıblar.