Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Noyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Cəbhədə bir neçə gün dalbadal mövqe döyüşləri getdikdən sonra erməni ekspedisiya korpusu vəziyyəti gərginləşdirməyə can atıb. Düşmənin silahlı birləşmələri Ermənistandan Laçın yolu ilə gətirilən əlavə texnika və hərbi sursat hesabına qüvvələnərək yenidən fəallaşıblar. Dünən axşam və noyabrın 30-na keçən gecə erməni qoşunları Laçın rayonunun şimal və cənub hissələrində mövqelərimizə hücum ediblər. Əsas döyüşlər Tiqik və Güləbird kəndləri istiqamətlərində gedib. Hazırda bu istiqamətlərdə döyüşlər davam edir. Hər iki tərəf itkilər verib.
Son günlər keçmiş Ağdərə rayonunun cənub hissəsində gedən döyüşlər daha da şiddətlənib. Təşəbbüsü yenidən ələ keçirən döyüşçülərimiz bu istiqamətdə  yerləşən düşmən mövqelərinə zərbələr endirirlər. Düşmənin keçmiş Ağdərə rayonu ərazisində hücum planları alt-üst olmuşdur.
Məqsədinə çatmayan düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir. Dünən bütün günü Zəngilan rayonunun sərhəd kəndləri Ermənistan ərazisindən topa tutulub. Dünən axşam isə Ağdam rayonunun Baş Güneypəyə kəndi erməni mövqelərindən top atəşinə məruz qalıb.