Cəbhədə bir neçə gün dalbadal mövqe döyüşləri getdikdən sonra erməni ekspedisiya korpusu vəziyyəti gərginləşdirməyə can atıb. Düşmənin silahlı birləşmələri Ermənistandan Laçın yolu ilə qüvvələnərək yenidən fəallaşıblar. Dünən axşam və noyabrın 30-na keçən gecə erməni qoşunları Laçın rayonunun şimal və cənub hissələrində mövqelərimizə hücum ediblər. Əsas döyüşlər Tiqik və Güləbird kəndləri istiqamətlərində gedib. Mətin döyüşçülərimiz düşmənin həmlələrini dəf edib, öz mövqelərini möhkəm saxlayırlar.
Məqsədinə çatmayan düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir. Dünən bütün günü Zəngilan rayonunun sərhəd kəndləri Ermənistan ərazisindən topa tutulub. Dünən axşam isə Ağdam rayonunun Baş Güneypəyə kəndi erməni mövqelərindən top atəşinə məruz qalıb.