Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Noyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Laçın rayonunun şimal hissəsində şiddətli döyüşlər ara vermir. Erməni silahli birləşmələri rayonun azad olunmuş kəndlərini yenidən işğal etmək üçün bu istiqamətdə mövqelərimizə həmlələr edirlər. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmən təzyiqini dəf edirlər.
Dünən axşam Zəngilan rayonunun Qazançı kəndi Qafan istiqamətindən və bu rayonda yerləşən Şükürataz yüksəkliyi Mehri rayonu ərazisindən müxtəlif təyinatlı silahlardan güclü  atəşə tutulub. Eyni zamanda Ermənistanın Qafan rayonu ərazisindən Qubadlı rayonunun yaşayış məntəqələri atəşə tutulub. Cavab atəşi ilə topçularımız Qafan rayonunun Şurnux kəndində ermənilərin 1 “Qrad” qurğusunu və 1 hərbi avtomaşınını məhv ediblər.
Qarabağın şimalında, keçmiş Ağdərə rayonu ərazisində mövqe döyüşləri davam edir.
Bu səhər Ağdam şəhəri Əsgəran istiqamətindən top atəşinə məruz qalıb. Ermənilər Qarakənd istiqamətindən Ağdam cəbhəsindəki mövqelərimizə hücum etməyə cəhd göstərirlər. Döyüşçülərimiz düşmənin hücum cəhdinin qarşısını alaraq onları geri oturdublar. Naxçıvan MR-nın Sədərək qəsəbəsi dünən bütün günü və bu gün günortayadək Ermənistan ərazisindən güclü atəşə məruz qalıb. Nəticədə 2 nəfər şəhid olub, 4 nəfər isə yaralanıb.