Ermənistan silahlı birləşmələri Laçın rayonunun şimal hissəsində hücumu genişləndirməyə çalışırlar. Məqsəd aydındır – yeni Azərbaycan ərazilərini işğal etmək və beləliklə Qarabağda zəbt edilmiş torpaqlarımızı zor gücünə Ermənistana birləşdirmək. Hazırda qonşularımız Laçın bölgəsində ağır döyüşlər aparırlar.
Ermənilər Laçından cənubda da fəallaşaraq, Güləbird kəndi ətrafında itirdikləri mövqelərə sahib çıxmaq istəyirlər. Düşmən həmlələri döyüşçülərimiz tərəfindən dəf olunub. Dünən bütün günü Zəngilan rayonunun sərhəd kəndləri Ermənistan ərazisindən atəşə tutulub. Bu gün isə yenidən Zəngilan rayonunun Qazançı, Dərəli kəndləri və Naxçıvan MR-nın Sədərək qəsəbəsi atəşə məruz qalıb.
Erməni ekspedisiya korpusu hissələri Qarabağın cənubunda öz qüvvələrini artırmağa can atırlar. Dünən topçularımız düşmənin Qırmızıbazar – Cəmilli istiqamətində hərəkət edən avtomaşın karvanını atəşə tutaraq darmadağın ediblər.
Müdafiə Nazirliyi Analitik İnformasiya Mərkəzinin BƏYANATI
Ermənistan informasiya agentlikləri Rusiyada və digər ölkələrdə çıxan bəzi mətbuat vasitələrinə istinad edərək belə bir məlumat yaymışlar ki, İsrail Amerikada istehsal olunan “Stinger” tipli raketləri Azərbaycana satır. Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndələrinə əsaslanaraq Analitik İnformasiya Mərkəzi bildirir ki, Azərbaycan Respublikası İsraildən heç bir “Stinger” raketi və ya hər hansı başqa silah və hərbi sursat almayıb.
Ermənistanın informasiya agentliklərinin yaydıqları bu cür xəbərlər bir sıra ölkələrdən müxtəlif növ silahların və hərbi texnikanın Ermənistan Respublikası tərəfindən alınması faktlarından dünya ictimaiyyətinin diqqətini yayındırmaq məqsədini güdür.