Ermənistan ekspedisiya korpusu Qarabağın şimalında yerləşən əlavə qüvvələr toplayaraq bu istiqamətdə yerləşən mövqelərimiz üzərinə hücuma keçiblər. Düşmənin qat-qat üstün olan qüvvələrinin təzyiqinə tap gətirməyən döyüşçülərimiz bir neçə gün əvvəl azad etdikləri Sırxavənd kəndini tərk etməyə məcbur olublar. Ermənilər eyni zamanda Xocavənd rayonunun Kurapatkino istiqamətindən də hücuma keçmək istəyiblər. Döyüşçülərimiz düşmənin bu cəhdinin qarşısını alaraq onu geri çəkilməyə məcbur ediblər. Bu istiqamətdə niyyətinə çatmayan düşmən Ağdam şəhərini və onun ətrafındakı kəndləri top atəşinə tutub. Cavab atəşi ilə düşmənin atəş nöqtələri susdurulub.
Laçın və Qubadlı bölgələrində gərgin döyüşlər davam edir. Ötən gecə igid döyüşçülərimiz Məzmindağ yüksəkliyini ermənilərdən təmizləyiblər. Düşmən burada da əldən verdiyi mövqeləri geri qaytarmağa can atır. Dünən ermənilər Güləbird yaxınlığındakı mövqelərimizə 4 dəfə hücum ediblər. Lakin hər dəfə layiqli cavab alaraq geri çəkiliblər. Laçının şimalında da ermənilərin hücum cəhdi boşa çıxıb. Döyüşlər davam edir. Zəngilan rayonunun atəşə tutulması sistematik xarakter almışdır. Ötən gecə və bu gün rayonun Seyidlər, Şərikan, Ağkənd, Qazançı və Yuxarı Yeməzli kəndləri yenidən toplardan və “Qrad” qurğularından atəşə tutulub.